Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi bir neçə hissədən ibarət olacaq

Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi bir neçə hissədən ibarət olacaq Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin konsepsiyası yerli və xarici ekspertlərin iştirakı ilə hazırlanmış və aidiyyəti üzrə təqdim edilib
Qarabağ
7 May , 2021 14:28
Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi bir neçə hissədən ibarət olacaq

“Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin konsepsiyası yerli və xarici ekspertlərin iştirakı ilə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Hazırlanmış konsepsiya layihəsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə nəticələnmiş, tarixə qızıl hərflərlə yazılmış möhtəşəm qələbəni hərtərəfli şəkildə nümayiş etdirən müasir mərkəz kimi təşkil olunmasına imkan verəcək”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu muzeyin Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq irsi, Qələbə və vətənpərvərlik rəmzi, qazanılmış qələbəni unikal eksponatlarının zənginliyi və müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olması nəzərdə tutulur: “Muzeyin konsepsiyasının sadalanan hissələrdən ibarət olması təklif olunur: “Tarixi həqiqətlər zalı” (burada ən qədim dövrlərdən 2020-ci ilin sentyabrınadək Qarabağın tarixinin təqdim edilməsi), “Dəmir yumruq əməliyyatı” hissəsi (27.09.2020- 10.11.2020 tarixində Azərbaycan Ordusunun əks-hücum əməliyyatının bütün gedişinin verilməsi), “Şuşanın alınması” döyüş dioraması (Vətən müharibəsinin ən parlaq döyüşü olan Şuşa əməliyyatının nümayiş etdirilməsi), “Torpaq, uğrunda ölən varsa – Vətəndir” hissəsi (Vətən müharibəsində qəhrəmanlıq göstərmiş zabit və əskərlər haqqında məlumatlar verilməsi), “Xatirə zalı” (Vətən müharibəsi dövründə dövlət terrorizmi siyasətini həyata keçirən Ermənistanın raket-artilleriya zərbələri nəticəsində həlak olmuş mülki şəxslər barədə məlumat verilməsi və “Şəhidlər ölməz...” mövzusunda materialların toplanması, “Vətən müharibəsi” mövzusunda 3D installyasiya və video-mappinq (müasir texnologiyalar vasitəsilə Vətən müharibəsinin gedişi tamaşaçılara 10-15 dəqiqəlik video-mappinq şəklində çatdırılması) və “Böyük qayıdış” hissəsi (işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, azərbaycanlıların öz doğma yurdlarına qayıtması prosesini əks etdirilməsi)”.

Bildirilib ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin fondunun zənginləşdirilməsi məqsədilə lazımi materialların toplanılması işi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi