Viran edilmiş şəhər, təhqir edilmiş məscid, suyu qurumuş bulaq - Ağdamdan reportaj

Viran edilmiş şəhər, təhqir edilmiş məscid, suyu qurumuş bulaq - Ağdamdan reportaj Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq 20 noyabr tarixində Ağdam rayonu Azərbaycana qaytarılıb
Qarabağ
21 Noyabr , 2020 23:35
Viran edilmiş şəhər, təhqir edilmiş məscid, suyu qurumuş bulaq - Ağdamdan reportaj

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq 20 noyabr tarixində Ağdam rayonu Azərbaycana qaytarılıb. İşğalçı Ermənistan silahlı qüvvələrinin Ağdamı tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub.

“Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları 27 ildən sonra işğaldan azad olunan Ağdam şəhərində olub.

Azan səsinə həsrət qalmış məscid

Ağdam şəhər Cümə məscidi erməni vandalizminə məruz qalıb. Burada da düşmən öz vəhşi əməllərini göstərərək dağıntılar törədib, müqəddəs evin içərisində donuzlar saxlayıb. Hətta məscidi yandırmağa da cəhd ediblər. Ağdam işğaldan azad olunandan sonra məscidin içərisi və ətrafı təmizlənib, işıq çəkilib. Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür.

Dağıdılmış və talan olunmuş şəhərin vahiməli sevinci

Ağdam şəhəri işğaldan azad olunduğu üçün sevincli anlar yaşansa da evlərin, inzibati binaların ermənilər tərəfindən dağıdılaraq viran qoyulması şəhərdə bir vahimə yaradır. Düşmən demək olar ki, bu şəhərdə heç bir yeni iş görməyib, əksinə əlindən gəldiyi qədər şəhərin bütün izlərini silməyə çalışıb.

Şəhərin mərkəzi küçələrinin birində olan bir necə inzibati bina ilə yanaşı, vaxtında soyuq suyundan içilən bulağı da dağıdıblar. Qısaca Ağdam şəhəri düşmənin həm ac gözlüyünün, həm də ki, vandalizminin qurbanı olub.

6 min şəhidi olan “ruhlar şəhəri”

Ağdam rayonu 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olublar.

Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “ruhlar şəhəri” siyahısına salıb. Altı mindən çox şəhidi olan Ağdam noyabrın 20-də işğaldan azad edilib. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi