Xarici diplomatlar Mingəçevirə səfər ediblər

Xarici diplomatlar Mingəçevirə səfər ediblər Hazırda Mingəçevir şəhərində raketin düşdüyü SES ərazisinə baxış keçirilir
Qarabağ
12 Oktyabr , 2020 16:59
Xarici diplomatlar Mingəçevirə səfər ediblər

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfərdən sonra Mingəçevir şəhərinə gəliblər.

"Report" xəbər verir ki, diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və başqaları müşayiət ediblər.

Səfərin məqsədi xarici diplomatları erməni vəhşiliyi - Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etmək olub.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan diplomatlara məlumat verilib ki, düşmən oktyabrın 11-də Gəncə ilə yanaşı, gecə saat 4 radələrində cəbhə zonasından 100 kilometrdən çox uzaqda yerləşən və 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərini də hədəf alıb, mülki əhalinin sıx yaşadığı məntəqələr raket zərbələri ilə atəşə tutulub.

Əsl məqsəd dinc sakinlərlə yanaşı, “Azərbaycan” İstilik Elektrik Stansiyasını, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyasını atəşə tutmaq olub. Raketlərin ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində baş verə biləcək regional fəlakətin qarşısı alınıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücumları regionda enerji və ekoloji təhlükəsizliyinə qarşı yönəlmiş növbəti cinayət hadisədir.

Son xəbərlər

Orphus sistemi