Xüsusi təyinatlı polkovnik: "Döyüş əmrinizi bütün hərbi qulluqçular səbirsizliklə gözləyirdilər"

Xüsusi təyinatlı polkovnik: "Döyüş əmrinizi bütün hərbi qulluqçular səbirsizliklə gözləyirdilər" "İlk növbədə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına etimad göstərərək düşmənə qarşı əks-hücum əməliyyatlarında iştirak etməyimiz barədə əmr verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm. Çox xoşbəxtik ki, Vətən torpağı uğrunda döyüşmək b
Qarabağ
8 Noyabr , 2021 16:21
Xüsusi təyinatlı polkovnik: Döyüş əmrinizi bütün hərbi qulluqçular səbirsizliklə gözləyirdilər
Zəfər Yusibov

"İlk növbədə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına etimad göstərərək düşmənə qarşı əks-hücum əməliyyatlarında iştirak etməyimiz barədə əmr verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm. Çox xoşbəxtik ki, Vətən torpağı uğrunda döyüşmək bizə də nəsib oldu".

"Report" xəbər verir ki, bu fikirləri Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, polkovnik, Vətən Müharibəsi Qəhrəmanı Zəfər Yusibov Zəfər Günü münasibəti Şuşada Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib: "Döyüş əmrinizi bütün hərbi qulluqçular, o cümlədən Daxili Qoşunların şəxsi heyəti səbirsizliklə gözləyirdilər. Bu əmriniz çox qururverici idi. Bizə böyük sevinc və ruh yüksəkliyi bəxş etdi. İştirak etdiyimiz döyüşlərdə Sizin - Müzəffər Ali Baş Komandanın əsgər və zabitlərə hədsiz mənəvi güc verən dəstəyini daim hiss edirdik. Bu dəstək döyüş ruhumuzu qat-qat artırır, bizi daim irəliyə səsləyirdi. Məhz bu güc sayəsində şəhər və kəndlərimiz bir-birinin ardınca düşməndən azad edilirdi. Müharibə dövründə bir amalımız, bir məqsədimiz var idi: Qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə endirib onu məhv etmək, torpaqlarımızı işğaldan qurtarmaq və cənab Ali Baş Komandan, Sizin etibarınızı doğrultmaq, elan edəcəyiniz Qələbə Gününü, Qələbə müjdəsini canımız bahasına olsa belə anbaan yaxınlaşdırmaq. Belə də oldu. Qarabağ Zəfəri Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi. Onun Qələbə əzmini, milli birliyimizi, həmrəyliyimizi, ölkəmizin iqtisadi və hərbi qüdrətini bütün dünyaya göstərdi. Bu birlik “Dəmir yumruğa” çevrilərək düşmənin başını əzdi, onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı bir salnamə kimi əbədi həkk olundu.

"Cənab Ali Baş Komandan, Sizin sərkərdəliyinizlə 44 günlük müharibədə tariximizə qızıl hərflərlə yazılmış şanlı Qələbədə iştirakımdan mən və silahdaşlarım şərəf və qürur duyuruq. Qələbəmizin zirvəsi sözsüz ki, Şuşanın azad edilməsi oldu. 8 noyabr Zəfər Günü olmaqla bərabər, həm də ədalətin bərqərar edildiyi gün idi. Biz nahaqdan axıdılan qanların və şəhidlərimizin qısasını düşməndən döyüş meydanlarında artıqlaması ilə aldıq. Buna görə mənəvi rahatlıq tapdıq. Biz bu müharibəni döyüşçü yoldaşlarımızın və şəhidlərimizin fədakarlığı, vətənpərvərliyi, şücaəti və döyüş əzmi hesabına qazandıq. Bu mənada, Vətən, torpaq uğrunda qurban gedən, sağlamlığını itirən döyüşçü yoldaşlarımız ən yüksək hörmətə, ehtirama layiqdir. Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq, onlar heç vaxt unudulmayacaq".

"Cənab Ali Baş Komandan, Qələbə münasibətilə minlərlə qəhrəman hərbiçimizi dövlət mükafatları, o cümlədən orden və medallarla təltif etməyiniz hər birimizi şərəfləndirir. Məruzə edirəm ki, komandiri olduğum xüsusi təyinatlılar Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində döyüşlər zamanı qarşıya qoyulmuş bütün tapşırıqları var qüvvəsi ilə yerinə yetirməyə çalışırdı. Siz Daxili Qoşunların xüsusi təyinatlılarının da Vətən müharibəsindəki döyüş yolunu yüksək qiymətləndirmisiniz. O cümlədən məni “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görmüsünüz.

Cənab Ali Baş Komandan, icazə verin, bu ali diqqətinizə görə Sizə dərin minnətdarlığımızı bildirim. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları müsəlləh əsgərləriniz olaraq bundan sonra da Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, xalqımızın və dövlətimizin təhlükəsizliyi naminə canlarından keçməyə, hər bir əmrinizi yerinə yetirməyə hazırdır", - deyə polkovnik vurğulayıb.

Son xəbərlər

Orphus sistemi