Zərif: “Qarabağın çiçəklənməsi, əməkdaşlıq və qarşılıqlı əlaqə üçün şərait yaradılıb”

Zərif: “Qarabağın çiçəklənməsi, əməkdaşlıq və qarşılıqlı əlaqə üçün şərait yaradılıb” "Bu fürsətdən daha yaxşı gələcək yaratmaq üçün istifadə etməliyik”
Qarabağ
26 Yanvar , 2021 17:25
Zərif: “Qarabağın çiçəklənməsi, əməkdaşlıq və qarşılıqlı əlaqə üçün şərait yaradılıb”

“İran, təəssüf ki, Dağlıq Qarabağda baş verən münaqişə yerinə ən yaxın ölkədir. Bu səbəbdən milli təhlükəsizlik baxımından bu münaqişənin həlli bizim üçün çox vacibdir”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi ortaq mətbuat konfransında deyib.

“Keçən ilin yay və payızında Qarabağda münaqişənin kəskinləşməsindən sonra İran regional həll yolu təqdim etmək üçün çox səy göstərdi. Bununla əlaqədar Lavrovla bir neçə dəfə telefon danışığım olub, İran prezidentinin xüsusi nümayəndəsi bölgəyə səfər edib, münaqişənin sona çatması ilə əlaqədar sülh planımızı təqdim edib. Rusiyanın səyləri ilə təklif etdiyimizə çox bənzər həll yolunun tapılmasına və bunun praktik müstəviyə keçirilməsinə çox şadıq”, - o bildirib.

“Bu gün Qarabağın çiçəklənməsi, əməkdaşlıq və qarşılıqlı əlaqələr üçün şərait yaradılıb. Regionda iqtisadi və nəqliyyat layihələrində qarşılıqlı fəaliyyət üçün zəmin hazırlanıb. Tarixi fikir ayrılıqlarını azalda, insanların həyatını xilas edə biləcəyik”, - M.C.Zərif söyləyib.

Onun sözlərinə görə, məhz bütün problemləri müzakirə etmək məqsədilə Cənubi Qafqazın hər üç ölkəsinə, habelə Rusiya və Türkiyəyə səfər etmək qərarına gəlib.

“Ölkələrin bu mülahizələrə münasibətinin çox müsbət olmasına sevinirəm. Ümid edirəm ki, ziyarət edəcəyim digər ölkələrdə də eyni reaksiya ilə qarşılaşacağıq. Bu fürsətdən daha yaxşı gələcək yaratmaq üçün istifadə etməliyik”, - deyə nazir fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi