Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Parisdə Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşüb.
"Report" TASS-a istinadən xəbər verir ki, görüş zamanı Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) təhlükəsizlik zonasının və agentliyin yeni missiyalarının təşkili müzakirə edilib.
"Ukraynadakı bütün atom elektrik stansiyalarına AEBA-nın təhlükəsizlik missiyalarının göndərilməsi barədə razılığa gəldik. ZAES-də təhlükəsizlik zonasının yaradılması üzrə işlər davam etdirilir", - Qrossi tviterdə yazıb.
Qeyd edək ki, ZAES hazırda Avropada fəaliyyət göstərən ən böyük atom elektrik stansiyasıdır. Rusiya fevralın 28-də stansiyanı nəzarətə götürüb. Sentyabrın əvvəlində Qrossinin rəhbərlik etdiyi AEBA missiyası AES-də olub. Agentliyin bununla bağlı hazırladığı hesabatda hərbi əməliyyatlar nəticəsində baş verə biləcək qəzaların qarşısını almaq üçün ZAES ətrafında təhlükəsizlik zonasının yaradılması çağırışı əksini tapıb.