Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiyanın Avropa Şurasındakı üzvlüyünə xitam verilməsi fonunda Mixail Lobovun tutduğu rusiyalı hakim vəzifəsini ləğv etmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə məhkəmənin hökmündə deyilir.
“Məhkəmə Reqlamentinin 20-ci bəndini rəhbər tutaraq, həmçinin Rusiya Federasiyasının Avropa Şurasında üzvlüyünə xitam verilməsi haqqında 16 mart 2022-ci il tarixli qətnaməni nəzərə alaraq, AİHM bildirir ki, Rusiyadan olan hakim vəzifəsi ləğv edilir”, - sənəddə deyilir.
AİHM İnsan Hüquqları Konvensiyasının mümkün pozuntuları ilə bağlı Rusiya Federasiyasına qarşı sentyabrın 16-dək verilmiş şikayətlərə baxmağa davam edəcək, lakin yeni şikayətləri baxılması üçün qəbul etməyəcək.
Xatırladaq ki, 26 illik üzvlükdən sonra bu ilin mart ayında Rusiya Avropa Şurasından çıxarılıb.