Azərbaycan Respublikası Milli Məclisinin nümayəndələri sentyabrın 16-dan 19-dək Rusiya Federasiyasında Dövlət Dumasına keçirilən seçkiləri müşahidə ediblər. Seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib.
Bu barədə “Report”un Rusiya bürosuna Dumaya seçkilərdə müşahidə missiyanı yerinə yetirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Dumanın nümayəndələri ilə görüşlər keçirilib: "Rusiya hökuməti tərəfindən seçki prosesini videokameralarla müşahidə imkanı verilib. Bu sistem təkcə Moskvada, həm də Moskva vilayətində yayılıb. Bundan başqa, bizim müşahidə missiyamıza seçki məntəqələrində prosesi izləmə də daxildir".
Seçkilər zamanı hər hansı pozuntuların olub-olmamasına gəlincə, N.Səfərov qeyd edib ki, bu barədə yalnız seçki günlərinin başa çatmasından sonra danışmaq olar. Azərbaycanlı müşahidəçilərin missiyasının bütün nəticələri yaxın vaxtlarda Rusiya qanunvericiliyinə uyğun olaraq təqdim ediləcək.