Azərbaycan və Türkiyə arasında təhsil körpüsü - Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyindən REPORTAJ

Azərbaycan və Türkiyə arasında təhsil körpüsü - Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyindən REPORTAJ “İnsanlara hürriyyət, millətlərə istiqlal” düşüncəsi ilə dünya liderləri arasında fərqli yer tutan Azərbaycanın müstəqillik mücahidi Məhəmməd Əmin Rəsulzadənin bu il rəsmi olaraq 140 illik yubileyi keçirilir. Ankarada adını daşıyan Məhəmməd Əmin Rəsulz
Region
18 Oktyabr , 2024 10:56
Azərbaycan və Türkiyə arasında təhsil körpüsü - Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyindən REPORTAJ
Taylan Kaya

“İnsanlara hürriyyət, millətlərə istiqlal” düşüncəsi ilə fərqlənən, Azərbaycanın müstəqillik mücahidi Məhəmməd Əmin Rəsulzadənin bu il rəsmi olaraq 140 illik yubileyi qeyd edilir. Prezident İlham Əliyev bununla bağlı 30 dekabr 2023-cü il tarixdə Sərəncam da imzalayıb.

“Report”un Türkiyə bürosunun əməkdaşı Ankarada Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyinə baş çəkib, oranın müəllim-şagird kollektivi ilə görüşüb.

Bu təhsil müəssisəsi 30 ildən çoxdur ki, fəaliyyət göstərir. Liseyin şagirdləri bilik göstəricilərinə görə Türkiyə təhsil müəssisələri arasında ilk sıralarda yer alır.

Liseyinin direktoru Taylan Kaya özünü türk milli-mənəvi dəyərlərinin təbliğatçısı kimi təqdim edir. 5 ildir məktəbə rəhbərlik edən T.Kaya bu təhsil ocağında direktor olmazdan öncə də Rəsulzadəni Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi tanıyıb və müəssisə rəhbərliyinə gələndə ilk gördüyü iş burada Rəsulzadə guşəsini quraşdırmaq olub. Guşənin açılışında azərbaycanlı deputatlar, Azərbaycanın Türkiyədəki səfiri, səfirliyin əməkdaşları da iştirak ediblər.

Liseyin əvvəlki binası zəlzələyə davamsız tikililər siyahısında olduğu üçün 2021-ci ildə başqa bir əraziyə köçürülüb. Köhnə bina sökülüb və yenidən inşasına başlanılıb.

Taylan Kayanın sözlərinə görə, müvəqqəti yerləşdikləri binada Rəsulzadə guşəsini qurmaq mümkün olmayıb, amma Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə "Azərbaycan otağı" yaradılıb: "Otaqda Azərbaycanın tanınmış yazıçı və şairlərinin, şəxsiyyətlərinin fotoları da yer alır. Məktəbimizin yeni binasının inşaat işləri başa çatmaq üzrədir, çox modern və gözəl bir binadır. İki-üç ay ərzində öz məktəbimizə qayıdacağıq, o zaman Rəsulzadə adına yenidən quracağımız guşədə "Azərbaycan otağı"ndan da nümunələr yerləşdirməyi düşünürük".

Direktor hər il Rəsulzadənin adı ilə bağlı layihələr icra etdiklərini qeyd edib: "Bu il Rəsulzadənin 140 illiyi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamdan çox məmnun olduq. Biz hər il Rəsulzadəyə layiq layihələr icra edirik. Bu dəfə öz məktəbimizə qayıtdıqdan və Rəsulzadə guşəsini qurduqdan sonra möhtəşəm bir açılış edəcəyik. Açılışa hər iki ölkənin təhsil nazirləri, Azərbaycan səfirliyinin əməkdaşları, azərbaycanlı deputatlar, Rəsulzadənin qurduğu Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, eləcə də medianı dəvət etmək fikrindəyik".

Rəsulzadə adına Anadolu liseyi fəaliyyətə başladığı gündən indiyədək şagirdlərin ali məktəblərə qəbulda, olimpiadalarda, müxtəlif yarışlarda yüksək göstəricilərlə ilk yerlər tutmasının sirrini direktor onlara verilən sərbəstliklə əlaqələndirib: “Ali məktəblərə akademik səviyyədə hazırlanan gənclər seçim yolu ilə liseyimizə qəbul edilir. Bu il 27 məzunumuz tibb universitetinə qəbul oldu. Məktəbimiz Ankaranın ən mərkəzi yerlərindən birində - Çukurambar məhəlləsində, Müəllimlər prospektində yerləşir. Bu məkanın cəlbediciliyi də, fikrimcə, şagirdlərimizə ruh yüksəkliyi verir".

Müəssisə rəhbəri əlavə edib ki, liseyin musiqi klubunun fəaliyyəti ilə bağlı “TRT-Müzik” telekanalında proqram yayımlayır: "Qafqaz" rəqs qrupumuz da fəaldır. Tədbirlərimizdə Azərbaycan rəqsləri çox rəğbətlə qarşılanır. Bundan başqa, Azərbaycan və Türkiyə təhsil nazirlikləri iki ölkə arasında birliyi ifadə edən şer, rəsm və kompozisiya yarışması keçirmişdi. Üç nominasiyanın da qalibi bizim şagirdlərimiz oldu. Onların Azərbaycana 10 günlük səfəri təşkil edildi. Şagirdlər Şuşaya da getmişdilər və çox zəngin təəssüratlarla geri dönmüşdülər”.

Təhsil müəssisəsinin Türk dünyası ilə bağlı fərqli və rəngarəng layihələrinin olduğunu da deyən direktor bu məsələdə azərbaycanəsilli müəllim Murat Gülbetekinin xüsusi rolunun olduğunu vurğulayıb.

M.Gülbetekin bizimlə söhbətində 2007-ci ildən bu məktəbdə çalışdığını bildirib: "İlk günlərdən məktəbimizin Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsi məsuliyyətini öz üzərimə götürdüm. 2015-ci ildə Hayrı Ataş adlı həmkarımızla bərabər bir layihə həyata keçirdik. Bakı Türk Anadolu Liseyindən 20-dək müəllim və şagird gəldi, liseyimizdə tədbirlər təşkil edildi. Bu, məktəbimizdə böyük maraqla qarşılandı. Sonra biz 2018-ci ildə “Qardaş köməyi” adlı bir layihə icra etdik, Bakıya, oradan da Ağcabədi rayonunda yerləşən Laçın rayonu Vağazin kənd orta məktəbinə getdik. Çox xoş bir səfər oldu.

2021-ci ildə "Türk Kültür Irmağı" adlı layihəmizi onlayn yolla Azərbaycandan Sabunçu rayonu 170 nömrəli orta məktəb, Kosovodan Atatürk liseyi, Qaqauz yerindən Moldova Kongaz Süleyman Dəmirəl Liseyi ilə birgə həyata keçirdik. Layihə çərçivəsində 20 şagird, 6 müəllimlə Kosovoya getdik. Sonra Qaqauz Yerinə, keçən il mayın 5-də isə direktor, 1 müəllim və 7 şagirdlə bərabər Bakıya səfər etdik. Bakı Türk Anadolu Liseyində bizi çox gözəl qarşıladılar. Hərbi Qənimətlər Parkı da daxil olmaqla bir çox yerləri gəzdik".

Direktor Taylan Kaya söhbətə qoşularaq “Bakıda biz həyatımızda ən gözəl qonaqpərvərliyi gördük. Bir həftə orada qaldıq. Qardaşı Qarabağ şəhidi olan bir valideyn bizi evinə dəvət etdi. Şəhid anasını ziyarət etdik, əlini öpüb xeyir-duasını aldıq. Yeddi şagirdimizlə bərabər Azərbaycanda əsla unutmayacağımız xoş anlar yaşadıq. Bir həftə sonra isə Azərbaycandan məktəbimizə şagirdlər gəldi. Onlar Türkiyə Böyük Millət Məclisi, Anıt Qəbir - Atatürkün mavzoleyi və başqa yerləri ziyarət etdilər”.

Liseydə olarkən öyrəndik ki, təhsil ocağı tərəfindən Türkiyə Milli Təhsil Nazirliyinə Azərbaycanla əlaqədar bir layihə təqdim ediləcək. Layihədə bir qrup 10-cu sinif şagirdinin 3-4 ay ərzində Azərbaycandakı Bakı Türk Anadolu Liseyində, həmçinin eyni qaydada Azərbaycandan olan 10 şagirdin Rəsulzadə adına Anadolu Liseyində təhsil alması nəzərdə tutulur.

"Avropa İttifaqının layihəsi çərçivəsində xarici ölkələrlə şagird mübadilə proqramı icra olunur. Hazırda ABŞ-də bir şagirdimiz var. Avropanın müxtəlif ölkələrindən də şagirdlər bu proqramda iştirak edir, Türkiyədə türkcə təhsil alırlar. Türk dünyası ilə niyə belə bir layihə mümkün olmasın? Biz bu layihəni ilk olaraq Azərbaycanla, sonra isə bütün Türk dünyasında yaymaq arzusundayıq", - direktor vurğulayıb.

BMT-nin nəzdində Model Birləşmiş Millətlər (ingiliscə: Model United Nations - MUN) yeniyetmə və gənclərin birləşdiyi təhsil qurumundan misal gətirən direktor bunun Türk dünyasında da tətbiq olunmasının mümkünlüyündən danışıb: "MUN təhsil simulyasiyasında hər ölkədən məktəbli nümayəndələr seçilir və onlar təhsil məsələləri ilə bağlı toplantılar keçirirlər. Bu layihənin bənzərini Türk dünyasının şagirdləri də icra edə bilərlər. Biz bununla əlaqədar Təhsil, Mədəniyyət və Turizm nazirlikləri ilə danışmışıq. İlk olaraq öz məktəbimizdən başlamaq niyyətindəyik".

Son xəbərlər

Orphus sistemi