“Gürcüstan hər zaman Cənubi Qafqazda dinc əməkdaşlıq və birgəyaşayışın tərəfdarı olub. Biz regional dialoqa yardım etməyə hazırıq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə deyib.
Tərəflər regionda təhlükəsizlik məsələləri, Ukraynada davam edən müharibənin qlobal təhlükəsizliyə, həmçinin Cənubi Qafqaza təsirini müzakirə ediblər. Bölgədə sülh və sabitliyin möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb.
Söhbət zamanı İ.Qaribaşvilinin “Cənubi Qafqazda dinc qonşuluq təşəbbüsü”nün müzakirəsi də aparılıb. Qeyd olunub ki, təşəbbüs Cənubi Qafqazın üç ölkəsi üçün dialoq və qarşılıqlı faydalı əməkdaşlıq formatının yaradılmasını nəzərdə tutur.
Görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətləri və müdafiə sahəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Qeyd edilib ki, erməni nazirin Gürcüstana səfəri çərçivəsində iki ölkə arasında müdafiə sahəsində 2022-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planı regionda sülhün möhkəmləndirilməsinə töhfə verəcək.