Gürcüstanın Baş Prokurorluğu Batumidə binanın çökməsi ilə bağlı saxlanılan üç şəxsə ittiham irəli sürüb.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan vətəndaşı Zaur Budaqov və digər iki şəxs ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılması zamanı texniki və təhlükəsizlik qaydalarının pozulmasında ittiham olunurlar.
İstintaqla müəyyən olunub ki, Z.Budaqova məxsus binanın birinci mərtəbəsindəki mənzildə təmir-bərpa işləri zamanı həm dayaq, həm də dayaq olmayan divarların sökülməsi nəzərdə tutulub.
Oktyabrın 4-dən 8-dək işlər texniki və təhlükəsizlik qaydalarının pozulması ilə və mütəxəssisin iştirakı olmadan həyata keçirilib. Bu səbəbdən yeddimərtəbəli yaşayış binasının dayanıqlığı və möhkəmliyi pozulub. Nəticədə üçü azyaşlı olmaqla 9 nəfər sakinin ölümünə səbəb olan uçqun baş verib.
Baş Prokurorluq ittiham olunan şəxslərə qarşı həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində Batumi şəhər məhkəməsinə müraciət edəcək.