"Yerli və milli imkanlar vasitəsilə istehsal olunan "Bayraktar TB2"nin ixrac edildiyi ölkələrin sayı 24-ə yüksəlib".
"Report" "TRTHaber"ə istinadən xəbər verir ki, bunu "Bayraktar TB2" pilotsuz uçuş aparatını istehsal edən "Baykar" şirkətinin Baş direktoru Haluk Bayraktar bildirib.
Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesi hər il 15 faiz inkişaf edir: "Bu, çox böyükl bir hadisədir. Son dörd ildə “Bayraktar TB2” dünyada ən çox ölkəyə ixrac edilən pilotsuz uçuş aparatı olub“.
Baş direktor deyib ki, hazırda ildə 200 ədəd bu adda PUA istehsal edilir: "Gələn il 500 ədəd "Bayraktar TB2", 40 ədəd "Bayraktar Akıncı" istehsal edəcəyik".
H.Bayraktar həmçinin vurğulayıb ki, şirkətdə, ümumilikdə, 2 700 nəfər işləyir: "Onların orta yaşı 29-dur. Bu il daha 800 nəfər "Baykar"a işə qəbul olunub. Eyni zamanda bu il 1 200 nəfər təcrübəçi bizimlə birlikdə işləyib".