Müstəqil Belarus Respublikasının ilk rəhbəri, ölkənin Ali Sovetinin sabiq sədri Stanislav Şuşkeviç 87 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə “Euroradio” məlumat yayıb.
Xatırladaq ki, 1991-ci ilin avqust qiyamından (Kommunist Partiyasının qatı tərəfdarlarının ölkə Prezidenti Mixail Qorbaçovu vəzifəsindən kənarlaşdırmaq məqsədi daşıyan uğursuz çevriliş cəhdi) sonra S.Şuşkeviç Belarus parlamentinə rəhbərlik edib.
O, 1991-ci ilin dekabrında SSRİ-ni buraxılmasına səbəb olan Belovejsk sazişinin iştirakçılarından biri olub.
S.Şuşkeviç 1994-cü ilin əvvəlində Ali Sovetin sədri vəzifəsindən kənarlaşdırılıb. Siyasətçi 1994-cü il prezident seçkilərində iştirak edib, lakin ikinci tura keçməyib.
1995-ci ildə yenidən Belarus Ali Sovetinə deputat seçilib, Vətəndaş Fəaliyyəti fraksiyasının üzvü olub. 1996-cı ilin payızında o, Prezident Aleksandr Lukaşenkonun impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinə bəyanat imzalayıb.
S.Şuşkeviç Belarus Konstitusiyasının dəyişdirilməsi ilə bağlı 1996-cı ilin noyabrında keçirilmiş referendumun nəticələrini tanımayıb və referendumun nəticələri əsasında yaradılmış Belarus parlamentinin Nümayəndələr Palatasına daxil olmaqdan imtina edib, daha sonra səlahiyyətləri 2001-ci ildə başa çatan Ali Şuranın fəaliyyətində iştirak edib.
Belaruslu dövlət xadimi uzun müddət Belarus Sosial Demokrat Hramadasına rəhbərlik edib (2018-ci ildən - fəxri sədr). O, Lukaşenkonun siyasətini tənqid edib.
Bu ilin aprelində S.Şuşkeviç koronavirus infeksiyasına yoluxub və bundan sonra səhhəti pisləşib. O, bir müddət reanimasiyada müalicə olunub.