Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Dmanisi rayonunda fiziki qarşıdurma olub.
“Report”un yerli bürosu xəbər verir ki, insident müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) Dmanisi meri vəzifəsinə namizədi Giorgi Tatuaşvilinin Qantiadi kəndində keçirdiyi seçkiqabağı görüş zamanı baş verib.
Nəticədə müxalifət tərəfdarı olan iki nəfər bıçaqlanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb.
VMHP hadisənin baş verməsində hakim Gürcü Arzusu Partiyasının tərəfdarlarını günahlandırıb.
Qeyd edək ki, G.Tatuaşvili 2017-ci ildən Dmanisinin meridir. O, ötən ilin avqustunda hakim Gürcü Arzusu Partiyasından qovulub. Buna səbəb onun müxalifətdən olan rəqibinin seçki kampaniyasına dəstək verməsi olub.