Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində keçirilən IDEX beynəlxalq silah sərgisində ölkəsinin uğursuzluğuna bais olanları cəzalandıracağına söz verib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, bunu fevralın 25-də Ermənistan hökumətinin iclasında bildirib.
N.Paşinyan deyib ki, Ermənistan eksponatlarının sərgiyə çatdırılmasında problem olub: “Bu məsələ ilə bağlı xidməti araşdırma təyin edilib. Məmurlarımızın məsuliyyətsizliyi müəyyənləşərsə, onlar cinayət məsuliyyətinə cəlb ediləcəklər”.
Məlumata görə, sərgidəki Ermənistan pavilyonunda yalnız onların hərbi texnika və avadanlığı deyil, bukletlər olub. Bildirilib ki, bu pavilyon Ermənistan büdcəsinə 48 min dollara başa gəlib.