İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan indi də Ukraynada Rusiya işğalına dəstək verir: döyüş təyyarələri və pilotlarını Rusiya ordusunun ixtiyarına verib.
“Report” xəbər verir ki, bu barədə “Haber Global” televiziya kanalı kəşfiyyat məlumatları əldə edib.
Telekanalın əldə etdiyi məlumata görə, dörd ədəd Su-30 tipli döyüş təyyarəsi martın 25-də Ermənistandan qalxaraq Ukraynadan istifadə olunmaq məqsədilə Rusiyaya yola düşüb. Bundan əlavə, Rusiya istehsalı qırıcıları xüsusi təlim görmüş erməni pilotlar idarə edəcək. Beləliklə, Ermənistan bu addımla Ukraynada işğala şərik, müharibənin isə tərəfi olub və növbəti dəfə regional sülhün yerinə münaqişəyə xidmət edib.
Ermənistan F-14 və F-15 qırıcılarına rəqib olaraq istehsal edilən Su-30 döyüş təyyarələrindən 4 ədəd alıb. Çoxməqsədli döyüş təyyarələrinin təhvili 2020-ci ilin may ayında baş tutub.
Ermənistan ordusu Rusiya qırıcılarını İkinci Qarabağ müharibəsində istifadə edə bilməyib. Buna səbəb onun raket sifarişini gecikdirməsi olub. Yəni Ermənistan ən vacib silah alışını belə tam gerçəkləşdirə bilməyib. Azərbaycan müharibədə zəfər çaldıqdan sonra istifadə olunmayan Rusiya təyyarələri rezonans doğurub. Ermənistan Baş naziri Nikol Paşinyan skandalı etiraf edərək günahı keçmiş rəhbərliyin boynuna atıb. Müzakirələrə yol açan bu təyyarələr indi yenidən Ermənistanın məkrli əməllərinə alət olub.
Təyyarələrin Rusiyaya verilməsi fonunda rəsmi İrəvana digər ölkələrdən gələcək reaksiya da maraq doğurur. Rusiya Ukraynanı işğal etdiyi üçün indiyədək görünməmiş iqtisadi sanksiyalara məruz qalıb. Qərb ölkələri tərəfindən təcrid edilib. Çinə Rusiya ordusuna hərbi sursat göndəriləcəyi təqdirdə “nəticələrinə qatlanacaqları” barədə xəbərdarlıq olunub. Hazırda Rusiyaya dəstək verən Ermənistana da sanksiya tətbiq edilib-edilməyəcəyi və ya xəbərdarlıq olunub-olunmayacağı diqqət mərkəzindədir. Ukraynada həm canlı, həm də texniki qüvvədə ağır itki verən Rusiya eyni zamanda hərbi qüvvəsini gücləndirməyə tələsir. Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlıların bir hissəsi Ukraynaya göndərilib. Ortaya çıxan görüntülərdən Rusiya ordusuna aid yanacaq maşınları, zirehli texnika və hərbçilərin Laçın dəhlizi ilə Ermənistana doğru çəkildiyi məlum olur. Oradan isə hərbi karqo təyyarəsi ilə Rusiyaya yola düşüb. Ermənistan eyni zamanda suriyalı döyüşçülərin Ukraynaya göndərilməsində də güzərgahdır. Muzdlu döyüşçülər Ermənistandakı Erebuni aviabazasında yığılaraq oradan Rusiyanın Şimali Osetiya Respublikasındakı Mozdok şəhərinə yola düşür. Oradan da Rusiya əsgərləri ilə birlikdə Ukraynaya göndərilir. İlk olaraq “Haber Global”ın yaydığı bu gerçəklərin ortaya çıxmasından iki həftə sonra Rusiya Ukraynaya Orta Şərqdən hərbçi yollayacağını rəsmən bəyan edib. Daşınmalar davam edir.
Martın 25-də iki ədəd “İL-76” tipli hərbi karqo təyyarəsi də Suriyadan qalxaraq İran və Xəzərdəki neytral ərazi üzərindən Rusiyaya yola düşüb.