Azərbaycan Ermənistanın regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı təkliflərini yarırəsmi şəkildə alqışlayıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının birgə iclası zamanı 2025-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
"Biz Azərbaycan tərəfinə təkliflər təqdim etdik və bu təkliflər yarırəsmi şəkildə alqışlandı. Yəni burada da müəyyən müsbət atmosfer formalaşıb", - A.Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, yaxın vaxtlarda İrəvan həm kommunikasiyaların açılması məsələsində, həm də hazırkı mərhələdə razılığın əldə oluna biləcəyi digər istiqamətlərdə Azərbaycan tərəfi ilə işi davam etdirəcək.