Ermənistanın Baş Prokurorluğu ölkə polisinə jurnalist Ani Qevorkyanın ünvanına təhlükələr haqqında informasiyanı araşdırmağı tapşırıb.
“Report” xəbər verir ki, bu barədə baş prokurorun məsləhətçisi Qor Abramyan özünün feysbukdakı səhifəsində bildirib.
Onun sözlərinə görə, jurnalistin ünvanına təhlükələr haqqında KİV-də dərc olunan yazılar, həmçinin müvafiq jurnalist təşkilatının bəyanatı Baş Prokurorluqda qeydə alınıb.
"Yerevan Prokurorluğu bununla bağlı yazılanları Yerevanın Polis İdarəsinə göndərdi, nəşrlərdə olan məlumatları, jurnalistin qeydlərini yoxlamağı və vəziyyəti öyrənməyi tapşırdı", - deyə Abramyan yazıb.
Ermənistanın ombudsmanı Arman Tatoyan da həmçinin bildirib ki, polisə müraciət edəcək.
Daha əvvəl Ermənistan Jurnalistlərinin İttifaqı bəyanatla çıxış edərək, jurnalistlərin ünvanına təhlükələri pisləyib. Bəyanata əsasən, “Tert.am” saytının jurnalisti Ani Qevorkyan bildirib ki, "İnqilab Keşikçiləri" qrupunun üzvlərindən biri onun və uşağının şəklini sosial şəbəkələrdə təhqiredici ifadələrlə paylaşıb.