Ermənistan Milli Təhlükəsizlik Xidməti vətəndaşların qeyri-qanuni miqrasiyası ilə məşğul olan cinayətkar dəstəni aşkar edib, 4 nəfər saxlanılıb.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə bu ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, bir qrup şəxs iki və ya daha çox şəxsin qanunsuz miqrasiyasını təşkil etmək və gəlir əldə etmək məqsədilə İrəvanda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri ilə müqavilə bağlayıb. Nəticədə onlar bir neçə Ermənistan vətəndaşından 25 min dollar alaraq, onların tranzit ölkələr vasitəsilə ABŞ-a qanunsuz getməsini təşkil ediblər.
Müəyyən olunub ki, ABŞ-a göndərilən vətəndaşların iş yeri, əməkhaqqı, əmlakı barədə, həmçinin onların yaxın qohumlarının ölümü haqqında saxta arayışlar (bu, viza almaq prosesini asanlaşdırır) hazırlanıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.