Ermənistanda bu dəfə sürücülər arasında yeni qiyam başlayır.
“Report” xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.
Nəşr qeyd edir ki, ölkədə bir neçə gündür ardıcıl olaraq yanacaq - benzin, maye qaz və adi qaz qiymətləri durmadan artmaqdadır.
O cümlədən son günlərdə Aİ-92 (regular) markalı benzinin litri 350 dramdan 370 drama (71 sent), LNG-nin litri 180 dramdan 190 drama (36 sent) qalxıb, sıxışdırılmış təbii qazın (CNG) bir kiloqramı indi 320-330 dram (63 sent) təşkil edir. Özü də bu, CNG-nin bu il üçün ikinci artımıdır; iyul ayında qiymət 310 drama yüksəlmişdi.
Məqalədə deyilir ki, kompressor stansiyalarının işçiləri bahalaşmanı dramın dollar qarşısında devalvasiyası ilə əlaqələndirirlər.
Son vaxtlar ABŞ dollarının məzənnəsi Ermənistan valyutasına nisbətən təxminən 10 % bahalaşıb və bu vəziyyət yanacaq, o cümlədən də qazın qiymətinə təsir göstərməyə bilməzdi.