Gürcüstanın “Formula” televiziya kanalında ötən ildən “Tesea” adlı serial yayımlanır. Qonşu ölkədə hazırda ən populyar serial sayılan və tamaşaçıların böyük maraqla izlədiyi ekran əsərinin əsas qəhrəmanları arasında azərbaycanlı ailə də var. “Tesea” azərbaycanlı ailənin yer aldığı Gürcüstan istehsallı ilk və hələlik yeganə serialdır. Cütlüyü həyatda da bir il yarımdır evli olan Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının aktrisası Aida Tağıyeva və Türkiyə vətəndaşı Batuhan Erkut yaradıblar. Onların serialda iki övladı – qızları Nərminə, oğulları Zaur da var.
“Report”un Gürcüstan bürosunun müxbiri cütlüklə həmsöhbət olub.
- Aida xanım, öncə teatra gəlişiniz və ilk rolunuz barədə qısa məlumat verərdiniz.
- Bu sənətə gəlməyim təsadüfidir. Teatr və sənət sevgisi olmayıb. Bir tanışın vasitəsilə 16 yaşımda teatra gəlmişəm. O vaxt Tbilisidəki Mirzə Fətəli Axundzadə adına 73 saylı orta məktəbə təhsil alırdım. Düşünürəm ki, yaxşı ki, həmin təsadüf baş verib. İlya Çavçavadze adın Tbilisi Dövlət Universitetinin telejurnalistika fakültəsində təhsil almışam. Jurnalistika sahəsində də təcrübəm olub. Cəmiyyəti narahat edən mövzuları işıqlandırırdım. Lakin teatr çoxlu enerji tələb etdiyindən hər iki sahəyə vaxt ayırmaq mümkün olmadı. Hazırda yalnız teatrda aktrisa kimi çalışıram.
İlk rolumu da elə 16 yaşında oynamışam. Azərbaycanın xalq yazıçısı Kamal Abdullanın “Bir, iki - bizimki” pyesi əsasında hazırlanan tamaşada qadın obrazı idi. Səhnəyə ilk çıxdığım günü çox yaxşı xatırlayıram. Əlimdə lampa ilə səhnəyə daxil olmalı idim. Vəfat edən qadının ruhunu canlandırırdım və ağlamalı idim. Bu tamaşa teatrın uzun müddətlik fəaliyyətsizliyindən sonra debütü idi. Səhnə əsərini gürcü və azərbaycanlılardan ibarət auditorya izləyirdi. Çox həyəcanlı idim və bu səbədən ağlayırdım. Tamaşaçılar isə “obrazı nə məhratələ yaradır deyə” düşünürdülər. (gülür)
- Teatrda neçə obraz yaratmısınız və ən yaddaqalanları hansılardır?
- Sayını demək çətindir. Belə ki, həm epizodik, həm də əsas rollar ifa etmişəm. Amma onu deyə bilərəm ki, hamısını ürəkdən oynamışam. Hesab edirəm ki, ən uğurlu rollarım Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşadakı Sara, Dario Fo və Franka Ramenin “Açıq ailə” pyesi əsasında səhnləşdirilən tamaşasındakı qadın rolu olub. Həmin qadın cəmiyyətdə özünü təsdiqləməyə çalışan, qısqanc və ailəsinin ayaqda durması üçün çalışan xanımdır. Bu, çox enerji tələb edən rol idi. Belə ki, 1 saat 20 dəqiqəlik tamaşada 7-8 kostyum dəyişirdim və hər dəfə də fərqli əhval-ruhiyyədə olmalı idim. Məncə, öhdəsindən gələ bilmişəm.
- Hər bir aktyor və aktrisanın arzuladığı rollar var? Sizin üçün bu rollar hansılardır?
- Anna Karenina. Bundan başqa, Kral Lirin qızı Kordeliya, Madam Bovari, Ceyn Eyr. Aktrisanın yaratdığı rolun öhdəsindən uğurla gəlməsi üçün peşəkar və məsuliyyətli komanda olmalıdır. Teatr qrup halında çalışmaqdır. Bura tamaşanın səhnəyə qoyulması üçün texniki imkanlar da daxildir. Tərəf müqabillərin də dəstəyi tələb olunur.
- Gürcüstan teatrlarından dəvət alırsınızmı?
- Bugünədək almamışam. Gürcü teatrlarında aktrisa bolluğu var. Çəkildiyimiz “Tesea” serialında etnik qrup nümayəndələrinə ehtiyac olduğu üçün yer aldıq. Gürcü cəmiyyəti bizim teatrı çox yaxşı tanımır. Buna səbəb həm dil baryeri, həm də teatrın hazırkı vəziyyətidir. Mənim gürcü dostlarım belə dil baryeri səbəbindən tamaşalarımızı izləməyə gəlmirlər.
- Fikrinizcə, Gürcüstanda azərbaycanlı aktrisa olmaq çətindir?
- Teatr sahəsində rəqabət aparmaqla bağlı çətinliklər var. Bir azərbaycanlı aktrisa olmağın çətinlikləri isə başqa istiqamətlərdə özünü göstərir. Əvvəllər teatra qarşı münasibət təəssüflər olsun ki, çox xoşagəlməz idi. Beş-altı il bundan öncə bölgələrdə tamaşalarımızı təqdim edərkən səs-küydən aktyorları eşitmək mümkün olmurdu. Bəzi tamaşaçılar hətta aktyorlara söyüşlər belə yağdırırdılar. Hətta müharibə mövzusundakı səhnə əsərlərinə baxan bəzi tamaşaçılar nəlayiq hərəkətlərə yol verirdilər. Yadımdadır, Marneulidə hətta bayırda dava da düşmüşdü. Təəssüflər olsun ki, səhnədə olan qadınları ciddi qəbul etməyənlər var. Onlar hesab edirlər ki, səhnəyə çıxan qadın aktrisa deyil, sadəcə özünü göstərir. Mən bu problemi yalnız yerli azərbaycanlılara aid etmirəm. Gürcülər arasında da qadının öndə olmasını qəbul etməyənlər var. Amma cəmiyyətin fəal üzvləri, mütaliə edənlər teatr sənətini dərk edirlər. İndi vəziyyət dəyişib, auditoriya tamaşanı maraqla və səssiz izləyir. Hətta kimsə səs salanda digəri ona narazılıq bildirir.
- Qeyd etdiyiniz “Tesea” serialı mövzusuna keçək. Necə oldu ki, siz və həyat yoldaşınız seriala dəvət aldınız?
- Məni dəvət edən agentliklə öncədən əməkdaşlığım olub. Azərbaycanlı aktrisa və aktyor tələb olunanda ağıla ilk olaraq bizim teatr gəlir. Kastinq rəhbəri məni şəxsən tanıdığından dəvət etdi. Bir neçə mətn oxudum, foto və videoçəkiliş oldu və Nərgiz roluna təsdiqləndim. Nərgizin əri Mura rolu üçün isə çətinlik yarandı. Qəhrəmanın adı ssenaridə Mura yazılsa da, Muraz və ya Murad olduğunu ehtimal etmək olar. Bu rol üçün hətta Qaxdakı gürcü teatrından da aktyorlar sınaqlara dəvət olundu. Onlar Azərbaycan dilində səlis danışa bilmirdilər. Buna görə çox çətinliklər çəkdik. Onların Azərbaycan dilində danışıqlarını qaydaya salmaq məsuliyyəti üzərimə düşdü. Bir gün Batuhana sınaqdan keçməyi təklif etdim. O, dərhal imtina etsə də, güclə razı sala bildim. Sınaqlara gedərkən Batuhanın qəbul olunacağını düşünmürdük.
Söhbətə Batuhan qoşulur.
- Mən də Aida kimi teatrı səhnədə öyrənmişəm. Türkiyədən Gürcüstana gəlməmişdən öncə 4 il konservatoriyada aktyorluq üzrə təhsil almışam. İlk dəfə orada səhnəyə çıxdım. Özəl teatrda çalışırdım. Gürcüstana gələndən sonra teatra olan sevgi əmioğlumla mənim yolumu Tbilisi Dövlət Tibb Universitetində hər il keçirilən beynəlxalq teatr festivalına saldı. Festivala qatılmağa qərar verdik. Bununla bağlı festivalın təşkilatçısı ilə danışdıq. Bizi Türkiyədən iştirakçı kimi qəbul etdilər və üç il ərzində festivala qatıldıq. Gürcüstanda təhsil alan türkiyəli tələbələrlə tamaşalar hazırlayırdıq. Aida ilə də ilk tanışlığımız həmin tamaşalardan birində oldu.
Azərbaycan dilini demək olar heç bilmirəm. Mura rolu üçün gürcü dili də tələb olunurdu. Bu mənə çox çətin gəldi. Aida israr etdi və mən rola razılıq verdim. Sınaqlara getdik və gürcü dilində mətn oxudum. Azərbaycan dilimin yaxşı olduğunu dedilər. Gürcücə danışmağımı da bəyəndilər. Mura gözləmədyim rol oldu. Azərbaycan və gürcü dillərində çoxlu mətnlər var. Aida ilə hər gün evdə çalışdıq. Azərbaycandilli mətnləri Aida tərcümə edirdi və mənim üçün tələffüzü asan olmayan kəlmələri əvəzləyirdi.
- Serialın əsas mövzusu nədən ibarətdir?
- Tesea hadisələrin cərəyan etdiyi uydurma bir şəhərdir. Baş qəhrəman Giorgi kiçik yaşlarından rejissor olub, kino və teatrda çalışmağı arzu edib. Lakin arzusu yerinə yetməyib. Ailə həyatında yaranan problemlərə görə Tbilisidən nənəsinin yaşadığı Tesea şəhərinə gəlir. Bu şəhərdə onun uşaqlıq dostları – Niniko, Mura, Nika və Beka var. Giorgi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini səhnələşdirmək istəyir. Amma bu əsər gürcü cəmiyyətində toxunulmaz və müqəddəs hesab olunduğundan nə səhnələşdirilib, nə də ekranlaşdırılıb. Böyük məsuliyyət olduğundan bu hətta mümkünsüz kimi qəbul olunur. Tesea qəribə şəhərdir, bəzi stereotipləri və adət-ənənələri var. Şəhərdə televizor və telefon da yoxdur. Tesea eksperimental şəhərdir və mövcud vəziyyətdə insanların nə qədər xoşbəxt ola biləcəkləri ilə bağlı sınaq aparılır. Gəncin məlum istəyindən sonra şəhərdə qarşıdurma baş verir, əsəri səhnələşdirməyə qoymurlar. Giorginin uşaqlıq dostları arasında da onun bu istəyinə qarşı çıxanlar olur. Hadisələrin inkişafı fonunda Nərgiz və Muranın ailəsinin də bəzi problemləri göstərilir. Ailə daxilində qadına münasibət, oğlan uşağının anasına münasibəti və bir sıra digər vacib məsələlərə də toxunulub. Ailədə əsas narahetedici məsələ erkən evliliklə bağlıdır. Cütlük 15 yaşlı qızları Nərminəni ərə vemək istəyirlər. Nərminə rolunu Tbilisidən olan məktəbli Qüdrət Rzayeva canlandırır.
- Batuhan:
- Mura yetkinlik yaşına çatmayan qızını ərə vermək istəyir. Çünki atası nə vaxtsa dostuna söz verib ki, nəvələrimiz bir-biri ilə evlənəcək. Nərminə isə təhsil almaq istəyir. Ata-anası buna mane olur. Qız hətta teatra da qoşulur. Valideynləri görür ki, qızları istedadlıdır və çox yaxşı səsi var. Nərgiz və Mura anlayır ki, Nərminəni ərə verməklə onu irəlidə qazana biləcək uğurlardan məhrum edirlər. Mura daxilində qızını uşaq yaşında ərə vermək istəmir. O, “sözkəsdi” ənənəsinin yanlış olduğunu dərk edir. Mura ənənənin qurbanıdır. O düşünür ki, söz yerinə yetirlməzsə, camaat və dostlar nə deyər və ənənəyə qarşı çıxmağa görə ittihamları gözünə alır. Hesab edirəm ki, müasir dövrdə də övladlarını erkən yaşda evləndirən valideynlər də bunu öz istəkləri ilə etmirlər.
- Aida:
- Bu məsələdə ana qərar verən deyil. O, orta mövqe tapmağa çalışır. Qızına qarşı bəzi məqamlarda sərt davranır. Mura sərt olsa da, ürəyiyumşaqdır. Hamı Giorgiyə qarşı çıxarkən onu ən çox dəstəkləyən Mura olur.
Erkən evliliklə bağlı məsələni danışmaq lazımdır. Serialın ssenaristi Keti Devdariani bizim problemi üstü örtülü əks etdirib. Ssenarini şəxsən mən yazsaydım, bu məsələni daha dərindən göstərərdim. Mura pozitiv, dostcanlı və ailəcanlıdır. O, sadəcə bu ənənənin qurbanıdır. Keti xanımın ssenariləri əsasında bir neçə uğurlu film çəkilib. Rəylərə əsasən, onu deyə biərəm ki, tamaşaçılar erkən evlilik probleminin ekrana gətirilməsini yaxşı qarşılayıb. Serialda bu problemin haradan qaynaqlandığı göstərilib.
- Serialın yayımı davam edirmi?
- “Tesea”nın 12 bölümdən ibarət I sezonunun yayımı artıq tamamlanıb. Artıq II sezonun seriyaları efirə verilir. Həftədə iki gün nümayiş etdirilir. İkinci sezonun çəkilişləri başa çatıb. Serialın davam edib-etməyəcəyini bilmirik. Tamaşaçıların münasibəti müsbətdir, izləyici auditoriyası genişdir. Bunu onların rəyləri deməyə əsas verir.
- Müasir Gürcüstan cəmiyyətində azərbaycanlı qadının özünü realizə etmək üçün imkanlar var, yoxsa bu çox çətindir?
- Qadınların özünü nəinki Gürcüstanda, istənilən cəmiyyətdə realizə etməsi çətindir. Sadəcə cəmiyyətin basqıları və düşüncələrini kənara ata bilsək, yalnız qadınlar deyil, bütün insanlar çox uğurlu ola bilərlər. Yetər ki, içimizdəki məni tapaq və bütövləşək.
- Gürcüstanın azərbaycanlı gənc və yeniyetmələri arasında teatra maraq varmı?
- Həvəs göstərənlər olur, teatrımıza müraciət edənlər də var. Teatrın nəzdində istedadlı uşaqlar üçün studiya açmağı planlaşdırırıq. Teatr sənətinə gəlmək istəyənlər varsa, bundan çəkinməməlidirlər. Mən də bu sənətə səhnədə yiyələnmişəm. Bu sahədə çalışmaq üçün sənətə sevgi, böyük məsuliyyət və yaradıcılıq həvəsi lazımdır.
- Batuhan, azərbaycanlı ailə başçısı yaratmaq çətin olmadımı?
- “Tesea” bir anda meydana çıxdı. Aktyor əgər canlandırdığı obrazın danışdığı dili bilmirsə, onun üçün çox çətin olur. Mura obrazının təbii alınmasına çalışmışam. Replikları unutmamağa çalışsam da, bəzən unudurdum. Məsələn, “yaxşı” deməli olduğum məqamda “iyi” deyirəm. Aidanın həyat yoldaşım olması serialda onunla ər-arvad rolu canlandırmaq çətin olmadı. Mənə elə gəlir ki, digər aktrisa ilə belə asan və rahat olmazdı.
- Aida xanım, serialdakı rolunuza görə tanınırsınızmı?
- Bir neçə dəfə şəxsən yaxınlaşanlar olub. Baxışlardan hiss olunur ki, bizi tanıyırlar. Doğrudur, pandemiyaya görə hamı maskada gəzir və buna görə insanları tanımaq mümkün olmur. Tanınmağımızla bağlı bir dəfə maraqlı hadisə baş verib. Batuhanla bir yerdəydim. Bir qadınla söhbət edirdik. Birdən qadın mənə Batuhanı işarə edib “A, bu “Teseada”kı Mura deyil?” deyə soruşdu. Mən də cavabımda “Bəs, mən kiməm?” dedim. (gülür) Bu, başa düşüləndir. Çünki Mura rolu daha böyükdür, Nərgiz isə köməkçi roldur. Mura birinci plan, Nərgiz isə ikinci plandadır.
- Serialdakı ailənizdə Azərbaycana xas hansı adətlər yer alıb?
- II sezonun treyleri yayımlananda Azərbaycanın məşhur “Ayrılıq” mahnısından fon musiqisi kimi istifadə olunmuşdu. Videoçarxı milyona yaxın insan izlədi və hamını bu musiqi maraqlandırırdı. Azərbaycanlı izləyicilər də təşəkkür şərhləri yazırdılar. Serialda Azərbaycana aid çay süfrəsi, qız istəmək adəti, geyim tərzi və digər elementləri də görmək mümkündür.
Çəkiliş zamanı Batuhan bir sözü yanlış deyirdisə, bu məni əsəbləşdirirdi və səhvi düzəltməyə çalışırdım. Niyə düzəldirdim? Çünki “Tesea” Gürücüstanda azərbaycanlıların iştirak etdiyi yeganə serialdır. Buna görə də biz azərbaycanlıları yaxşı təmsil etməliydik. Məsuliyyətimiz böyük idi və Batuhanla səhnələri öncədən evdə məşq edirdik.
- Batuhan, “Tesea”ya görə populyarlığınız yeni dəvətlərə səbəb olurmu?
- Dəvət alsaq da, serialda çəkilişlərə görə imtina etməli olmuşuq. Təkliflər gözləyirik.
- Aida, bəs sizə dəvətlər gəlir?
- Bir neçə təklif var. Hazırda danışıqlar aparılır.
- Müsahibəyə görə təşəkkür edirəm. Sizə ailə səadəti və yaradıcılıq uğurları arzulayıram.