Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Laqodexi” gömrük-buraxılış məntəqəsində yeni infrastrukturun inşası intensiv rejimdə aparılır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyindən bildirilib.
Vergi Xidmətinin rəis müavini Vladimir Xundadze və Gömrük Xidmətinin rəhbəri Zurab Siçinava bərpa işləri ilə yerində tanış olublar.
Layihə çərçivəsində yük, sərnişin və minik avtomobillərinin gömrük nəzarəti üzrə xüsusi müasir avadanlıqlarla təchiz olunan 6 çıxış qurulacaq. İşlər 21 min kvadrat metr sahəni əhatə edir. Ərazi tam təmir olunacaq, yeni yeraltı kommunikasiya, drenaj sistemi qurulacaq, yeni yol örtüyü çəkiləcək və xarici işıqlandırma qurğuları quraşdırılacaq. Bərpa işlərinə 40 vətəndaş cəlb olunub. Altı aydan sonra istifadəyə verilməsi planlaşdırılan məntəqədə 35 gömrükçü çalışacaq.
Z.Siçinava bildirib ki, gömrük infrastrukturunun inkişafı Gürcüstan üçün əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, yeni infrastruktur sərnişinlərin rahat və qısa zamanda xidmət almalarını təmin edəcək və “Qırmızı körpü” məntəqəsini intensiv yük və sərnişin axınlarından azaltmağa imkan verəcək: “Yenilənən gömrük məntəqəsinin istifadəyə verilməsi bölgənin sosial-iqtisadi inkişafına imkan yaradacaq, həmçinin ölkənin tranzit axınını artıracaq və yerli sakinlərin məşğulluğunu təmin edəcək. Eyni zamanda Gürcüstan və Azərbaycan ərazisindən beynəlxalq daşımaların inkişafına da əhəmiyyətli töhfə verəcək”.
Qeyd edək ki, yenidən qurulacaq “Laqodexi” məntəqəsi gün ərzində 600-ə yaxın yük maşını və 10 min sərnişinə xidmət göstərə biləcək.