Gürcüstan prezidenti Salome Zurabişvili və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı aparılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyasından bildirilib.
S.Zurabişvili Rusiya-Ukrayna sərhədindəki və Krımdakı vəziyyətdən narahatlığını bildirib və Ukraynaya həmrəylik ifadə edib. O qeyd edib ki, Ukrayna və Gürcüstanın təhlükəsizliyi üçün Avroatlantik inteqrasiyanı davam etdirmək önəmlidir.
Dövlət başçıları Qara dəniz bölgəsində təhlükəsizliyin vacibliyini, NATO-Avropa İttifaqı sammitində Gürcüstan və Ukraynanın birgə məqsədlərinin təqdim olunmasının zəruriliyini vurğulayıblar.
Tərəflər bu məsələlərin Gürcüstan prezidentinin Ukraynaya gözlənilən səfəri zamanı müzakirə olunması ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, S.Zurabişvilinin 2019-cu ildə Ukraynaya səfəri planlaşdırılsa da, daha sonra 2020-ci ilə təxirə salınıb, lakin baş tutmayıb.