Gürcüstan vətəndaşları Qarabağa səfər etmək istəyirlər - REPORTAJ

Gürcüstan vətəndaşları Qarabağa səfər etmək istəyirlər - REPORTAJ Gürcüstan vətəndaşları Qarabağa səfər etmək istəyirlər
Region
12 Mart , 2022 11:21
Gürcüstan vətəndaşları Qarabağa səfər etmək istəyirlər - REPORTAJ

Gürcüstanda iki ildən çoxdur Azərbaycan Turizm Bürosunun “Azerbaijan Travel. Showroom” adlı qonaq mərkəzi fəaliyyət göstərir. Bu dövrün böyük hissəsi koronavirus pandemiyasına təsadüf etsə də, mərkəz Azərbaycanın turizm potensialının təşviqini bir gün olsa belə dayandırmayıb.

“Report”un yerli bürosunun əməkdaşları Azərbaycanın qonşu ölkədəki turizm nümayəndəliyinə baş çəkiblər, mərkəzin fəaliyyəti ilə tanış olublar.

Tbilisinin mərkəzi Rustaveli prospektində yerləşən saysız-hesabsız kommersiya obyektləri sırasında mərkəz gözəl vitrini ilə yoldan ötənlərin diqqətini cəlb edir. Vitrindəki kompozisiya hər mövsümə uyğun yenilənir. Hazırda vitrində Qobustan qayalarının bir hissəsinin kiçik ölçülü maketi sərgilənir.

“Azerbaijan Travel. Showroom”un koordinatoru Orxan Binnətov pandemiya şəraitində ziyarətçilərin sayının azaldığını deyib: “Pandemiyadan öncə mərkəzimiz gün ərzində 40-50 nəfər qonaq qəbul edirdi. Ziyarətçilərimiz ən çox Bakı, Qobustan və ümumilikdə Azərbaycan haqqında geniş məlumat alırdılar. İndi isə onları maraqlandıran əsas suallar pandemiya şəraitində Azərbaycana səfər etmək qaydaları ilə bağlıdır. Bu qaydalar barədə qonaqlarımıza ətraflı məlumat təqdim edirik”.

Koordinator qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında birgə turizm paketləri ilə maraqlananlar da çoxdur: “Bununla əsasən avropalı və amerikalı turistlər maraqlanırlar. Ən böyük maraq doğuran istiqamət Laqodexi-Şəki-Qax, Gəncə-Göygöl-Gürcüstandır”.

O.Binnətovun sözlərinə görə, həm yerli, həm də əcnəbi qonaqlar arasında Qarabağı görmək arzusunda olanlar da az deyil: “Qarabağa turların təşkili və nə vaxt başlayacağı ilə bağlı çoxlu suallar alırıq. Məlum olduğu kimi, hazırda Qarabağda yenidənqurma işləri aparılır. Bərpa işləri başa çatandan və müvafiq turizm infrastrukturu qurulandan sonra bu istiqamət üzrə də turlar təşkil olunacaq”.

“Azerbaijan Travel. Showroom” hazırda əsas fəaliyyətini Azərbaycan və Gürcüstan arasında kombinə edilmiş turların təşviqinə yönəldib. Mərkəz ziyarətçilərini və yerli turizm şirkətlərini “Əli və Nino”, “İpək yolu”, “Sovet irsi”, mədəni və tarixi irs, sağlamlıq və müalicə, qastronomiya, alman, Polşa irsi, dini abidələr və digər bu kimi tematik marşrutlar barədə məlumatlandırır. Azərbaycan kombinə edilmiş turları bu il Gürcüstanla birgə təşviq edəcək, gələn ildən isə test rejimində tətbiqinə başlayacaq.

Gürcüstan tərəfi Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyətini müsbət qiymətləndirir. Qonşu ölkənin Milli Turizm Administrasiyasının rəhbər müavini Tamar Koriauli “Report”a müsahibəsində deyib ki, Gürcüstanda Azərbaycanın turizm potensialının təşviqi ilə bağlı səyləri alqışlayır.

Onun sözlərinə görə, “Azerbaijan Travel. Showroom” Tbilisinin mərkəzində həm yerli sakinlər, həm də əcnəbi ziyarətçilərə Azərbaycandakı turizm xidmətləri və məhsulları barədə ətraflı öyrənməyə imkan verir.

Son xəbərlər

Orphus sistemi