Martın 29-da Gürcüstanda orta məktəb müəllimləri üçün fənn və peşə hazırlığı üzrə imtahanlara qeydiyyat başlayacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən bildirilib.
Qeydiyyat prosesi aprelin 14-də saat 18:00-da başa çatacaq. İmtahanda iştirak haqqı 50 lari (26 man) təşkil edir.
Məlumatda qeyd olunub ki, bu il ilk dəfə olaraq qeyri-gürcü dilli müəllimlər ana dili və ədəbiyyatı fənləri üzrə imtahanı doğma dildə vermək imkanı əldə edəcəklər. Tədrisi gürcü dilində olmayan ümumtəhsil müəssisələrinin müəllimləri üçün Azərbaycan və erməni dillərində testlər hazırlanıb.
Bu ilin yayında keçiriləcək imtahanlarda uğurlu nəticə əldə edəcək müəllimlər baş, aparıcı və köməkçi müəllim statusu əldə edə biləcəklər.