Gürcüstanın yeni hökumətinin siyahısı və proqramı parlamentə təqdim olunub.
“Report”un yerli bürosu xəbər verir ki, sənəd baş nazir vəzifəsinə namizəd Giorgi Qaxariyanın imzası ilə qanunverici orqana daxil olub.
Sənədə əsasən, yeni hökumətdə yalnız bir yeni nazir təmsil olunacaq. O, vakant olan ədliyyə naziri vəzifəsinə namizəd Qoça Lortkipanidzedir.
Gələn həftədən etibarən hökumətə etimadın göstərilməsi məsələsi qanunverici orqanın komitə və fraksiyalarında müzakirə olunacaq.
Parlamentdə etimad üçün ən azı 76 deputatın dəstəyi tələb olunur. Hökumətin yeni tərkibinin gələn həftə təsdiqlənəcəyi gözlənilir.