Beynəlxalq insan hüquqları təşkilatları İranda etirazçıları qorxutmaq üçün ölüm hökmündən istifadədən şübhələnirlər.
“Report” xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.
Dekabrın 5-də İran məhkəməsi Kərəcdə əxlaq polisi Ruhulla Adamyanın ölümü ilə bağlı 5 nümayişçini ölüm cəzasına məhkum edib. Ümumilikdə edama məhkum edilənlərin sayı isə 11 nəfərə çatıb.
“Bu insanlar heç bir qanuni proses və ya ədalətli mühakimə olmadan, İnqilab Məhkəməsinin qapalı qapıları arxasında edam cəzasına məhkum ediliblər, onların hökmləri heç bir hüquqi qüvvəyə malik olmayıb. Bu edamlar cəmiyyətdə qorxu yaratmaq, ictimaiyyətin diqqətini İran kəşfiyyatının uğursuzluqlardan yayındırmaq məqsədilə həyata keçirilir”, - “Human Rights”ın İran şöbəsinin rəhbəri Mahmud Əmiri-Müqəddam bildirib.
Böyük Britaniyanın “Amnesty International” təşkilatı da nümayişlərdə iştirak etdiyinə görə həbs olunan azı 28 nəfərin edam riski ilə üz-üzə qalması barədə məlumat yayıb.
İnsan hüquqları təşkilatlarının məlumatına görə, 2022-ci ildə İranda 500-dən çox insan edam edilib. Bu, bir il əvvəl edam edilənlərin sayı ilə müqayisədə 200 nəfər çoxdur.