Ermənistanın paytaxtı İrəvanda 4 nəfərin güllələnərək öldürülməsi faktı üzrə araşdırılan cinayət işi çərçivəsində 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.
“Report” Ermənistan mətbuatına istinadən məlumatına görə, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün 4 nəfər müxtəlif güllə yaraları ilə paytaxtın M.Heratsi adına Birinci Universitet Klinikasına və Mikaelyan adına Cərrahiyyə İnstitutuna yerləşdirilib. Onlardan ikisi xəstəxanada dünyasını dəyişib.
Məlum olub ki, həmin şəxslərin hamısı Kanaker icmasının 16-cı küçəsindəki evlərdən birinin həyətində baş verən insident zamanı güllə yarası alıblar.
Hadisə yerində aparılan axtarışlar zamanı daha iki nəfərin meyiti, habelə 8 müxtəlif çaplı patron, 12 patron, 4 tapança və 2 tüfəng aşkar edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Noyabrın 11-də gecə saatlarında İrəvanda baş verən atışmanın təfərrüatı məlum olub.
“Report” “Hraparak”a istinadən xəbər verir ki, atışma nəticəsində kriminal avtoritet Artur Kazaryanla yanaşı, 2003-2007-ci illərdə Serj Sarqsyanın Respublikaçılar Partiyasından deputat olmuş “Kanakersi Artüş” ləqəbli Artuş Simonyan da ölüb.
Qəzetin yazdığına görə, atış açanlardan biri keçmiş deputatın Noro, Vlad, Ovannes və Akop adlı 4 oğlundan biri olub.
Məlumata görə, atışmada iştirakçılarından biri yaralı halda hospitala yerləşdirilib.
Ermənistanın paytaxtı İrəvanda baş verən atışma nəticəsində 4 nəfər ölüb.
“Report” “Shamshyan”a istinadən xəbər verir ki, hadisə noyabrın 11-də saat 04 radələrində baş verib.
Bildirilib ki, İrəvanın Kanakera küçəsində polis əməkdaşları və müstəntiqlər iki kişi meyiti aşkarlayıblar. Sonradan məlum olub ki, həmin ərazidən 2 yaralı da hospitala aparılarkən yolda ölüb. Hadisə yerindən bir neçə silah, güllə, bıçaq aşkarlanıb.
Qeyd edək ki, ölənlər arasında Ermənistanda cinayətkar aləmdə tanınan “Kanakersi Tuy” ləqəbli Artur Kazaryan da var. O, Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalında qalması uğrunda silahlı dəstələrdən birində vuruşub.
Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın göstərişinə əsasən, separatçıların tör-töküntülərinin başçısı onu “döyüş silahı ilə mükafatlandırıb”.