İrəvan meriyası tətildə iştirak etdiklərinə görə 40 avtobus sürücüsünü işdən azad edib.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyan bildirib.
Hazırda hakim fraksiyanın Ağsaqqallar Şurasının üzvləri sürücülərlə müzakirələr aparır və onları aksiyaya son qoyaraq işə qayıtmağa razı salmağa çalışırlar.
Mer müavini Suren Qriqoryan etirazları icra hakimiyyətinin ictimai nəqliyyat sistemində kölgə sxemlərinə qarşı mübarizə tədbirləri ilə əlaqələndirib.
O bildirib ki, sürücülər noyabrın 1-dən tətbiq edilən şəffaf ödəniş sisteminə keçiddən narazıdırlar. İndi vətəndaşlar gediş haqqını yalnız QR kodlar və ya 100 dramlıq sikkələrlə ödəyirlər ki, bu da məmurun sözlərinə görə, ictimai nəqliyyatın gündəlik gəlirini artırmağa imkan verib.
İrəvan meriyası tətil edən və nəqliyyat kollapsına səbəb olan sürücüləri cinayət işi ilə hədələyib.
“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə meriyanın mətbuat katibi Hayk Kostanyan sosial şəbəkələrdə məlumat verib.
"Bildiririk ki, sürücülərin hərəkətlərinə əmək qanunvericiliyi çərçivəsində qiymət veriləcək, həmçinin onlara cinayət-hüquqi qiymət vermək məqsədilə səlahiyyətli orqanlara müraciət edəcəyik", - H.Kostanyan vurğulayıb.
Qeyd edək ki, tətil edən sürücülər iş şəraiti və əmək haqqının yenidən nəzərdən keçirilməsini tələb edirlər.
"İrəvan Avtobus" QSC-nin sürücüləri tətil elan edib və bu gün işə çıxmayıblar.
“Report” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, onlar iş şərtlərinə və əmək haqqına yenidən baxılmasını tələb edirlər.
Eyni zamanda, İrəvanın müxtəlif inzibati rayonlarındakı dayanacaqlarda növbələr yaranıb, vətəndaşlar nəqliyyatı uzun müddət gözləyirlər.
Paytaxt meriyası problem barədə məlumatlı olduqlarını və tezliklə bəyanatla çıxış edəcəklərini bildirib.
Qeyd edək ki, oxşar hadisə bu ilin may ayında baş vermişdi. Sürücülər "İrəvan Avtobus" QSC-nin direktor səlahiyyətlərini icra edən Samvel Nazaryanın addımlarına və bir neçə əməkdaşın işdən azad edilməsinə qarşı çıxmışdılar. O zaman meriya bunu islahatları sabotaj etmək cəhdi adlandırmışdı.