Bu gün İsveç parlamenti Ukraynaya 3,25 milyard kron (300 milyon dollara yaxın) məbləğində silah tədarükünü təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə İsveçin Riksdaqının (parlament) saytı xəbər yayıb.
"Riksdaq Ukraynaya əlavə müdafiə ləvazimatlarının bağışlanmasına razılıq verib", - məlumatda deyilib.
Qeyd olunur ki, bu icazə sayəsində hökumətə müdafiə ləvazimatlarının pulsuz verilməsi ilə bağlı qərar vermək hüququ veriləcək. Bunlar "Stridsfordon 90" və "Archer" kimi bir neçə sistem üçün 1,1 milyard SEK-dən (101,2 milyon dollar) çox olmayan ehtiyat hissələri və zəruri əşyalardır. Ukrayna, həmçinin 2,15 milyard krondan (197,8 milyon dollar) çox olmayan sursat, minatəmizləmə avadanlıqları və nəqliyyat vasitələri alacaq.
İsveçin müdafiə naziri Paul Consson dünən deyib ki, İsveç Ukraynaya uzunmüddətli dəstək verməyə hazırlaşmalıdır.
Qeyd edək ki, İsveç Rusiyanın başlatdığı genişmiqyaslı müharibədə Ukraynanı dəstəkləyir. Belə ki, iyunun ortalarında ölkə yeni hərbi yardım paketini elan edib. Dəstək, xüsusən də Ukrayna pilotlarının JAS 39 Gripen təyyarələrində təlim keçməsini əhatə edir.