Ermənistan Rusiyaya Ukraynada başlatdığı genişmiqyaslı müharibədən sonra tətbiq edilən sanksiyalardan yan keçməyə kömək edir.
“Report” xəbər verir ki, bu barədə “Financial Times”da dərc olunan “Ermənistan: sanksiyalar altında olan Rusiyaya məhsulların tədarükü üçün yeni “İpək yolu” başlıqlı məqalədə deyilir.
Qeyd edilib ki, Ermənistan avtomobil istehsalçısı olmasa da, bu kiçik ölkənin Rusiyaya avtomobil ixracı sonuncunun ötən il Ukraynaya təcavüzündən sonra sürətlə artıb: “Avtomobillər ən bariz nümunə olsa da, Ermənistandan Rusiyaya digər məhsulların ixracı da sürətlə artıb. Bu, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin təxminən iki dəfə artmasına gətirib çıxarıb”.
Məqalədə bildirilib ki, avtomobillər əsasən ABŞ-dan Gürcüstanın Qara dəniz limanı olan Poti vasitəsilə tədarük olunur: “Onların bir çoxu daha sonra gömrük rəsmiləşdirilməsi üçün Ermənistana göndərilir, çünki Rusiya ilə rüsumsuz rejimə malikdir. Daha sonra nəqliyyat vasitələri Gümrü şəhərindən Gürcüstana, buradan isə Rusiyaya tədarük edilir”.
Xatırladaq ki, daha əvvəl “New York Times” qəzeti xəbər vermişdi ki, ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədlərindən birinə əsasən, Ermənistan 2022-ci ildə 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqı (Aİ) ölkələrindən isə 212 faiz daha çox çip və prosessor idxal edib. Ermənistan həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib. Onlar Ukraynaya qarşı istifadə edilən pilotsuz uçuş aparatları və raketlərin əsas hissələrinin istehsalında istifadə olunur.