Samvel Şahramanyan qondarma qurumun buraxılması haqqında "sərəncam"ı Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı ilə imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
"Ermənistan ictimaiyyətini inandırmağa çalışırlar ki, təslim aktını Samvel Şahramanyan imzalayıb və bunun Nikol Paşinyana heç bir aidiyyəti yoxdur. Baş nazir bu sərəncamın mətnindən şəxsən xəbərdar olub, şəxsən Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyi məsləhət görüb", - qəzet yazıb.
Məlumata əsasən, Şahramanyan Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəsilə Nikol Paşinyanla telefon danışığı olub: “Baş nazir onu Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə və müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb”.
Qeyd edək ki, Qarabağdakı keçmiş separatçı rejimin rəhbəri Samvel Şahramanyan sentyabrın 28-də qondarma qurumun buraxılması haqqında "sərəncam" imzalayıb.