Rusiya Ukraynanın 70-ə yaxın obyektinə hava zərbəsi endirib, 11 nəfər ölüb, 64-ü yaralanıb - YENİLƏNİB-8

Rusiya Ukraynanın 70-ə yaxın obyektinə hava zərbəsi endirib, 11 nəfər ölüb, 64-ü yaralanıb - YENİLƏNİB-8 Ukrayna paytaxtı Kiyevdə silsilə partlayışlar törədilib.
Region
10 Oktyabr , 2022 17:10
Rusiya Ukraynanın 70-ə yaxın obyektinə hava zərbəsi endirib, 11 nəfər ölüb, 64-ü yaralanıb - YENİLƏNİB-8

Rusiyanın Ukrayna paytaxtı Kiyev və digər vilayətlərə raket hücumu nəticəsində 70-ə yaxın obyektə ziyan dəyib. Nəticədə 11 nəfər ölüb, 64 nəfər yaralanıb.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, hava hücumu zamanı 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

14:47

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə raket hücumu nəticəsində 10 nəfər ölüb, 60 nəfər yaralanıb.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polis İdarəsindən bildirilib.

13:44

Rusiyanın atdığı 83 raketdən 43-ü Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən vurulub. 

"Report" “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat məlumat verib.

Onun sözlərinə görə, İran istehsalı olan 12 PUA-dan 9-u zərərsizləşdirilib.

Y.İqnat bildirib ki, Rusiya Ukraynaya Xəzər dənizi bölgəsindən “X-101” və “X-555” yüksək dəqiqlikli raketlər buraxıb: “Habelə “Kalibr”, “İskander”, “S-300” və “Tornodo” reaktiv yaylım atəşi sistemindən raketlər atıb”.

12:05

Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutması nəticəsində yaralananların sayı 30-a çatıb.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, xilasedicilər eyni vaxtda bir neçə yerdə işləyirlər. Ölənlərin sayı dəqiqləşdirilir. 

Son məlumatlara görə, paytaxtdakı partlayış nəticəsində 8 nəfər həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı isə bildirib ki, Rusiyanın atdığı 75 raketdən 41-i havada vurulub.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oliksiy Arestoviç isə teleqramda yazıb ki, durum müharibənin başladığı gün-fevralın 24-də olduğu kimi qorxulu deyil: “Savaş Ukraynanın qələbəsi ilə bitəcək”.

11:15

Ukraynanın paytaxtı Kiyevdə daha 2 partlayış olub.

“Report” UNİAN-a istinadən xəbər verir ki, dövlət qurumları yerli əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edib.

Ukraynanın Xarkov vilayətinin bəzi rayonlarında su və işıq kəsilib. Bunu Xarkovun meri İqor Terexov teleqramda yazıb. Onun sözlərinə görə, 3 raket strateji əhəmiyyətli infrastukturlara dəyib.

11:07

Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsindən azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib. 

Artıq ölkənin hər yerində hava həyəcanı siqnalı verilib.  

10.25

Rusiya Ukraynanın şərqində yerləşən Dnepr və qərbindəki Lvov vilayətlərini də raket atəşinə tutub.

“Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Dağıntı, ölən və yaralananların olub-olması barədə hələlik informasiya yoxdur.  

10:17

Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində partlayışlar törədilib.

“Report” "RBK Ukrayna"ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış olub. 

Eyni zamanda, Odessaya bir neçə raketin atıldığı bildirilib.

Paytaxt Kiyevə atılan raketlərdən biri şəhərin Vladimirskaya küçəsində Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. 

09.56

Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar törədilib.

“Report” xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunun mərkəzində bir neçə partlayış olub. 

V.Kliçko partlayışın detalları barədə bir müddət sonra açıqlama verəcəyini bildirib.

Partlayış nəticəsində ölən və yaralananların sayı barədə məlumatlar dəqiqləşdirilir.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb ki, bu, Rusiyanın qorxaqlığının və terror dövləti olmasının təzahürüdür: “Savaşı dayandırmaq üçün Ukraynaya daha çox silah çatdırmağa ehtiyac var”.

UNIAN-da qeyd olunub ki, yerli vaxtla səhər saat 06.47-də paytaxtda həyəcan siqnalı verilib. Bundan sonra səhər saat 8 radələrində Kiyevdə 3-4 partlayış törədilib.

Qeyd edək ki, ötən gecə Zaporojyedə də partlayışlar olub. Bu partlayışlar Moskvanın ilhaq etdiyi Krım yarımadasını Rusiya ilə birləşdirən yegən körpünün partladılmasına cavab olaraq törədildiyi ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi