Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın "Hayastan" ("Ermənistan") bloku ölkə parlamentinə növbədənkənar seçkilərin nəticələrindən şikayət edib.
“Report”un Ermənistan mediasına istinadən xəbərinə görə, siyasətçinin tərəfdarları 2 iyula qədər Konstitusiya Məhkəməsi qarşısında səsvermələrin etibarsız tanınması ilə bağlı tələb irəli sürəcəklər.
Blokun nümayəndələri bildiriblər ki, onlar 200 min seçici səsindən şübhələnirlər. Bu, seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir edə bilər.
Ermənistanın Mərkəzi Seçki Komissiyası dünən növbədənkənar parlament seçkilərinin son nəticələrini açıqlayıb. Nəticələrə əsasən seçkilərdə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası qalib gəlib. Siyasi təşkilat 53,91 faiz səs yığıb. Başqa sözlə, ona 687 761 seçici səs verib.
"Ermənistan" bloku 21,9 faiz səs toplayıb. Bloku 269 481 seçici dəstəkləyib.