Ukrayna ABŞ-də kimin prezident seçilməsindən asılı olmayaraq dəstəyin davam etdirilməsini istəyir.
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
O qeyd edib ki, həm respublikaçılar, həm də demokratların nümayəndələri, o cümlədən bu partiyadan olan namizədlər və onların qərargahları Ukraynaya tam həcmdə maliyyə, hərbi və s. dəstəyin davam etdirilməsinin və buna uyğun olaraq müharibənin ədalətlə başa çatdırılmasının vacibliyini vurğulayırlar.
Seçki kampaniyasının nəticələrini gözləməyi məsləhət görən M.Podolyak hesab edir ki, namizədin istənilən seçkiqabağı bəyanatına sakit yanaşmaq lazımdır:
“Namizəd açıqlamalar verməkdə azadlığa malikdir. Sən müharibəni və onun fəsadlarını başa düşdüyün kimi xarakterizə edə bilərsən. Amma artıq böyük bir ölkənin prezidentisənsə və tamamilə fərqli hüquqi, faktiki və siyasi məsuliyyətin varsa, bu, artıq başqa bir məsələdir. Təbii ki, namizədlərin bəyanatları ilə müqayisədə prezidentlər bir qədər fərqli davranırlar”.
Onun fikrincə, prezidentin istər respublikaçı Donald Tramp, istərsə də demokrat Kamala Harris olmasından asılı olmayaraq bu müharibənin mahiyyətini və Rusiya Federasiyası ilə heç bir məsələdə razılığa gəlməyin mümkün olmamasını daha dərindən dərk edəcəklər.
“Fikrimcə, əgər ABŞ-nin yeni prezidenti cənab Zelenskiyə zəng edərsə, sözsüz ki, bu zəng mütləq olacaq. O zaman Zelenski müharibənin ədalətli şəkildə başa çatması üçün nəyin lazım olduğunu çox dəqiqliklə diqqətə çatdıracaq. Hesab edirəm ki, biz ABŞ-nin dominantlıq etdiyi koalisiyanın bu gün verdiyi dəstəyi tam həcmdə almağa davam edəcəyik”, - M.Podolyak vurğulayıb.