“İrəvan Avropa İttifaqının Ermənistana yeni uzunmüddətli müşahidə missiyası göndərmək barədə mümkün qərarına müsbət reaksiya verəcək”.
“Report” “Sputnik Armenia”ya istinadən bildirir ki, bunu Ermənsitanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxış edən zaman deyib.
O söyləyib ki, Ermənistan müşahidəçilərlə geniş və konstruktiv əməkdaşlığa hazırdır.
Nazir həmçinin əvvəlki missiyanın fəaliyyətini yüksək qiymətləndirərək, bunun Ermənistan-Azərbaycan sərhədində artan gərginliyin qarşısını almağa kömək etdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl Aİ-nin Ermənistana mandatı 2 illik olan yeni missiyası göndərəcəyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib.