"Gürcüstanın quru sərhədlərini açması ilk növbədə qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq".
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze parlamentdə "nazir saatı" formatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sərhədyanı zonada sıxlığın yaranması bir sıra çətinliklərə səbəb ola bilər: "Əgər vətəndaşın koronavirusa yoluxduğu məlum olarsa, bu zaman qərar özünü çox gözlətməməli və dəqiq olmalıdır. Bu halda o, ölkəsinə qaytarıla bilər. Lakin həmin şəxs Gürcüstana daxil olduğu ölkənin rezidenti deyilsə, bu halda çətinliklər daha da artacaq".
Nazir bildirib ki, sığorta qanunvericiliyində dəyişikliklər tələb olunur: "Böyük ehtimal ki, biz ölkəyə gələcək əcnəbilərdən məcburi qaydada sağlamlıq sığortasını tələb etməli olacağıq. Sığorta ilə turistin koronavirusa yoluxacağı halda tibbi xərclərin qarşılanacağına zəmanət veriləcək".