Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda vasitəçilik edə bilməz, çünki Ukrayna Rusiya ilə hər hansı danışıqları rədd edir.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Ukraynanın Vladimir Putinin “sülh planını” qətiyyətlə rədd etdiyini vurğulayıb.
“Buna görə də hazırda nə Ərdoğan, nə də başqası vasitəçi ola bilməz”, - D.Peskov qeyd edib.
Qeyd edək ki, iyulun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı deyib ki, Ankara Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunmasının təməlini qoya bilər.
Türkiyə Prezidenti bildirib ki, ölkəsi regionda və bütün dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək: “Türkiyə əvvəlcə atəşkəs, sonra isə sülh sazişi ilə Rusiya və Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün razılaşmanın əldə olunmasının təməlini qoya bilər. Hər iki tərəfi qane edə biləcək ədalətli sülh mümkündür”.