Qazaxıstan Xarici İşlər Nazirliyi erməniəsilli rusiyalı teleaparıcı Tiqran Keosayanı “arzuedilməz şəxslər” (“persona non qrata”) siyahısına salmaq üçün hüquqi prosesə başlayıb.
“Report” “Tengrinews.kz”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat katibi Aybek Smadiyarov bildirib.
“Elə həmin gün biz Keosayanın ölkəmizə girişi “arzuedilməz şəxslər” siyahısına daxil edilməsi prosesinə start verdik. Biz diplomatik praktikada bəzən bunu tətbiq edirik”, - o vurğulayıb.
Qeyd edək ki, Tiqran Keosayan özünün yutub kanalında Qazaxıstan hakimiyyətinin Rusiya-Ukrayna münasibəti və mayın 9-da ölkədə paradın keçirilməyəcəyi ilə bağlı qərarlarını ələ salaraq bildirib: “Qardaş ölkələr Rusiya ilə ABŞ və NATO qarşıdurmasında tutacaqları tərəfi müəyyənləşdirməlidir. Rusiya kimin onunla, bir yerdə olub-olmadığını diqqətlə izləyir”.
Keosayan həm də Marqarita Simonyanın əridir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandırdıqları üçün onlara Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Avstraliya sanksiya tətbiq edib.