“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Nizamnaməsi qurumun hərbi və ya sülhməramlı qüvvələrinin “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”na girməsinə icazə vermir”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tleuberdi fevralın 22-də jurnalistlərin sualına cavabında bildirib.
Onun sözlərinə görə, bu, praktik olaraq mümkün deyil:
“KTMT nizamnaməsi sülhməramlıların və hərbçilərin ancaq təşkilata daxil olan ölkələrin ərazisində əməliyyatlarda iştirakını nəzərdə tutur”.
Qeyd edək ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.