"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri (AQFET) üzrə Müşavirənin iştirakçı ölkələri sınaqlara birlikdə sinə gərməli, Asiya və bütün dünya üçün daha yaxşı gələcəyi təmin etməlidir".
“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının iştirakçılarına videomüraciətində bildirib.
"Son 30 ildə AQFET Asiya ölkələri arasında mühüm dialoq platformasına çevrilib. Biz hamımız Asiyanın dinc şəkildə inkişaf etməsindən bəhrələnirik. Mən davamlı inkişafın, insan hüquqlarının, sülh və sabitliyin təşviqi, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi kimi ümumi məqsədlərimizə çatmaq üçün həyata keçirilən tərəfdaşlığımıza görə minnətdaram”, - o bildirib.
BMT-nin Baş katibi dünyada etimad və həmrəyliyin zəiflədiyi bir zamanda münaqişələrin geosiyasi gərginliyi artırdığını vurğulayıb. O, iqlim böhranının hər yerdə dağıntılara səbəb olduğunu, COVID-19 pandemiyasının isə inkişafa mane olduğunu diqqətə çatdırıb.
"Yaşayış xərcləri böhranı ən çox həssas insanlara zərbə vurur, yoxsulluq, aclıq problemlərini dərinləşdirir və ictimai-siyasi iğtişaşları artırır. Bu son dərəcə çətin kontekstdə regional gücləndirmə səyləri həmişəkindən daha vacibdir", - A.Quterreş bildirib.
O vurğulayıb ki, “Ümumi gündəliyimiz” adlı məruzəsində dünya üçün regional profilaktikaya və regional təşkilatlarla qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirən yeni gündəlik yaratmağa çağırış edib.