“Rusiyanın Gürcüstanla hava əlaqəsinin bərpası ilə bağlı şərtləri qüvvədə qalır”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, uçuşların bərpası məsələsi koronavirus pandemiyası ilə bağlı vəziyyət, həmçinin Gürcüstan tərəfinin rusiyalıların ölkə ərazisində təhlükəsizliyinin təminatı ilə bağlı şərtlərin yerinə yetirməsindən asılıdır.
XİN rəsmisi deyib ki, bu şərtlər Rusiyanın rəsmi şəxsləri tərəfindən dəfələrlə səsləndirilib.
Qeyd edək ki, Rusiya Gürcüstanla birbaşa uçuşları 2019-cu ilin iyulun 8-dən dayandırıb.