Rusiya Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ukraynalı personala verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi təsdiq edib.
Bundan əvvəl Qrossinin Ukraynaya gəldiyi barədə xəbər verilib. Baş direktorun təşkilatın planlaşdırdığı texniki yardımla bağlı yüksək vəzifəli dövlət rəsmiləri ilə danışıqlara cəlb ediləcəyi gözlənilir.
Müzakirə ediləcək mövzulara həyati əhəmiyyətli təhlükəsizlik ləvazimatlarının çatdırılması daxildir. Həmçinin, MAQATE Ukraynanın nüvə obyektlərinə yardım üçün xüsusi planlar hazırlayıb.
Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasını (AES) tərk etmək niyyətlərini stansiyanın ukraynalı heyətinə bəyan ediblər.
"Report" UNİAN-a istinadən xəbər verir ki, Rusiya hərbçiləri həmçinin, peyk şəhəri Slavutiç şəhərini tərk etməyə hazırlaşır.
Məlumata görə, Slavutiç şəhərini mühasirədə saxlayan Belarusa doğru hərəkət etmək üçün hazırda Rusiya hərbçilərinin konvoyunun formalaşdırıldığına dair sübutlar da var.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya hücum edib və təcrid zonasında yerləşən bütün Çernobıl obyektlərinə nəzarəti ələ keçiriblər.
Daha sonra, martın 9-da Çernobıl Atom Elektrik Stansiyasının enerjisi tamamilə kəsilib.