Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.
“Gecə saatlarında raket və artilleriya bölmələrimizin uğurlu hərbi əməliyyatı nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələm-tələsik təxliyə edib və ehtimal ki, adanı tərk edib. Hazırda adada yanğındır və partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri araşdırılır”, - komandanlıq bildirib.
Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak adanın rusiyalılardan təmizləndiyini tviterdə təsdiqləyib: “İlan adasında artıq rusiyalılar yoxdur. Ukrayna Silahlı Qüvvələri əla əməliyyat keçiriblər”.
Xatırladaq ki, İlan adası uğrunda döyüşlər fevralın 24-də - müharibənin ilk saatlarında başlayıb. Eyni gün saat 22:00-da rəsmi Kiyev adanın işğal edildiyini açıqlayıb. Adanı qoruyan hərbçilərin öldüyünə dair məlumat yayılsa da, sonradan onların əsir düşdüyü məlum olub.
Aprelin 13-də adanın ələ keçirilməsində mühüm rol oynayan Rusiyanın “Moskva” raket kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilərək batırılıb. Bundan başqa, ada “Bayraktar” TB-2 PUA-larının daimi bombardımanı altında qalıb.