"Cənubi Qafqaza dair “3+3” əməkdaşlıq platformasının ikinci iclasına hazırlıq işləri görülür".
“Report” “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Denis Qonçar bildirib.
“Hazırda “3+3” regional məşvərət platformunun ikinci iclasına hazırlıq işləri görülür. İclasın yeri və tarixi bildiriləcək. Əminəm ki, “3+3”ün açıqlanmış gündəliyi bütün iştirakçı ölkələrin razılığı ilə qapıların açıq qaldığı Gürcüstanın da mənafeyinə tam uyğundur”,- o deyib.
Cənubi Qafqaz ölkələri və qonşuları arasında qarşılıqlı fəaliyyəti gücləndirmək üçün “3+3” formatından hərtərəfli istifadə olunmasının düzgün olacağı qənaətində olduqlarını söyləyən Rusiya XİN rəsmisinin fikrincə, bu əməkdaşlıq formatı çərçivəsində birgə müzakirələr zamanı mövcud ziddiyyətlər kəskinləşmir, əksinə, qarşılıqlı etimadın artırılması üçün addımlar atılır.
D.Qonçar əməkdaşlığın başlıca istiqamətləri kimi ticarət, enerji, sənaye, yeni texnologiyalar, infrastruktur kimi sahələrdə qarşılıqlı faydalı layihələrin icrasını vurğulayıb.
Xatırladaq ki, “3+3” regional məşvərət platformasının birinci iclası Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə xarici işlər nazirləri müavinlərinin, İran XİN Baş direktorunun sədrliyi ilə 2021-ci il dekabr ayında Moskva şəhərində keçirilib. Gürcüstan Xarici İşlər Nazirliyi bu platformada iştirak etməyəcəyini bildirmişdi.