“Sloveniyada ikinci dünya müharibəsi illərində yerli partizanlarla çiyin-çiyinə vuruşmuş Qızıl Ordu əsgərlərinin abidəsi açılıb. Azərbaycanlı tarixçi İlham Abbasovun Rusiya arxivlərində apardığı tədqiqatlar nəticəsində 1945-ci ilin yazında Aydovsçina şəhəri yaxınlığında həlak olaraq yerli antifaşist hərəkatı iştirakçıları ilə birgə toplu məzarlıqda dəfn olunmuş 16 nəfər Qızıl Ordu döyüşçüsünün şəxsiyyəti müəyyənləşdirilib”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
Həmin əsgərlərin adlarının həkk olunduğu yenilənmiş abidənin açılış mərasimində şəhər meri və yerli rəsmilərlə yanaşı Rusiyanın Sloveniyadakı səfiri Teymur Eyvazovun da iştirak etdiyi qeyd olunub.
“Bu hadisəni Rusiya ilə Sloveniya tarixinin birgə səhifələrinə hörmət nişanəsi, tarixi yaddaşı qorumaq mövqeyimizin təsdiqi kimi qəbul edirik. Həmçinin Azərbaycandan olan dostumuza da ayrıca təşəkkür edirik” – deyə Rusiya XİN rəsmisi vurğulayıb.