Rusiya prezidenti Vladimir Putin SSRİ və nasist Almaniyasının İkinci Dünya müharibəsindəki rollarını eyniləşdirməyi qadağan edən qanun layihəsini hazırlamağı tapşırıb.
“Report” xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunmuş dövlət başçısının Mədəniyyət və İncəsənət Şurasının iclasının yekunlarına verdiyi tapşırıqlarda qeyd olunub.
“1941-1945-ci illər Böyük Vətən müharibəsində Sovet xalqının Qələbəsinin əbədiləşdirilməsi haqqında” federal qanuna müvafiq düzəlişlərin hazırlanması parlamentin yaz sessiyasında baxılması tövsiyə olunub.
Almaniya və SSRİ-nin İkinci Dünya müharibəsindəki məqsədlərinin müqayisə edilməsinin yasaqlanması ötən ilin oktyabrında Dövlət Dumasının Mədəniyyət komitəsinin rəhbəri Yelena Yampolskaya tərəfindən təklif edilib. Y.Yampolskaya Rusiyada SSRİ və Almaniyanın fəaliyyətinin eyniləşdirən kitabların nəşr edilməsindən, xüsusilə həmin əsərlərin gənclər arasında populyar olmasından narahatlığını bildirib.
V.Putin deputatın təklifi ilə razılaşdığını, bunun “səliqəli şəkildə” edilməsini vurğulayıb:
“Əgər bəzi ölkələrdə erməni soyqırımının inkarına görə cinayət məsuliyyətinə cəlbolunma nəzərdə tutulubsa, o zaman yaxın keçmişin müdafiəsi üçün müfaviq mexanizmlərin əlavə edilməsi tanrının əmridir”.
Xatırladaq ki, ötən il Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “National Interest” dərgisində Sovet İttifaqının İkinci Dünya müharibəsindəki roluna dair məqalə dərc edib. Dövlət başçısı məqaləsində Almaniyanın xarici işlər naziri İohim fon Ribbentropun Moskvaya ikigünlük səfərini İkinci Dünya müharibəsinin əsas səbəbi olduğunu iddia etmək ədalətsizlik, İkinci Dünya müharibəsindəki qələbənin, ilk növbədə, sovet xalqının qazandığını yazıb. Bundan başqa, iqtisad elmləri namizədi V.Putinin sözlərinə görə, 1940-cı ildə Latviya, Litva və Estoniyanın SSRİ-yə “birləşməsi” həmin ölkələrin rəhbərliklərinin razılığı ilə baş verib: “Bu, dövrün beynəlxalq və dövlət hüququna uyğun olub”.
Qeyd edək ki, daha çox “Molotov-Ribbentrop sazişi” kimi tanınan “Almaniya və Sovet İttifaqı arasında hücum etməmə haqqında” Saziş 1939-cu il avqustun 23-də imzalanıb. Sazişin əlavə protokolunda Şərqi və Mərkəzi Avropanın təsir sahələrinə bölünməsi barədə razılıq mövcuddur. Bu, nasist Almaniyasına sentyabrın 1-də Polşaya hücum etməsi üçün şərait yaradıb. Sovet qoşunları isə Polşa ərazisinə təqribən iki həftə sonra girib.
1940-cı il iyunun 15-də Qırmızı ordu Litvanı zəbt edib. İyunun 17-də isə Latviya və Estoniyanı işğal edib. Eyni ilin iyul ayında Kremlin nəzarəti və göstərişi ilə Baltikyanı ölkələrdə yeni hökumətlər formalaşdırılıb. Bu hadisədən sonra ölkələrin idarəetmə aparatlarında təmizlik işləri başlanılıb, bütün məmurlar işdən azad edilib, ordu buraxılıb, milli elitanın nümayəndələrinə qarşı repressiyalar, Litva, Latviya və Estoniya əhalisinin Sibirə kütləvi deportasiyası başlayıb.
Avropa Şurası öz qətnamələrində Baltikyanı ölkələrin SSRİ-yə daxil olmasını işğal, zorakı inkorporasiya və anneksiya olaraq xarakterizə edib. Hələ 1983-cü ildə Avropa Parlamenti də bunu işğal olaraq tanıyıb.