Rusiyada bir qrup senator və deputat ölkədə qadağan olunmuş təşkilatların, o cümlədən beynəlxalq təşkilatların qadağan edilmiş təşkilatlar siyahısından müvəqqəti çıxarılması haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, qanun layihəsi Rusiya qanunvericiliyinə uyğun olaraq terror təşkilatı kimi tanınan təşkilatların, o cümlədən xarici və beynəlxalq təşkilatların vahid federal siyahısına daxil edilmiş təşkilatın fəaliyyətinə qoyulan qadağanın müvəqqəti ləğv edilə biləcəyini nəzərdə tutur. Bu isə təşkilatın həmin siyahıya daxil edildikdən sonra terrorizmin təbliği, bəraət qazandırılması və dəstəklənməsinə yönəlmiş fəaliyyətini dayandırması barədə faktiki məlumatlar olduqda baş prokuror və ya onun müavininin ərizəsi əsasında mümkündür.
Noyabrın 25-də Əfqanıstanın "Alemara" portalı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Əfqanıstanda baş nazirin müavini Abdul Qəni Bəradər Axund ilə danışıqlar aparması barədə məlumat verib. Şoyqu siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün İslam Əmirliyinin Rusiyanın "qara siyahı"sından çıxarılması planlarına işarə edərək Rusiyanın Əfqanıstanla ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Hazırda Rusiya qanunvericiliyində qadağan olunmuş təşkilatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsinə imkan verən mexanizm nəzərdə tutulmayıb. Təqdim edilmiş qanun layihəsi bu hüquqi boşluğu aradan qaldırmalıdır.
Qanun layihəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra terror təşkilatlarının siyahısına müvafiq dəyişikliklər ediləcək.