"Ermənistanın Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə düçar olmasından dörd ay keçir. Bu ölkənin sabiq prezidenti Robert Köçəryan bildirib ki, təkcə silahlı qüvvələrin döyüş qabiliyyətini bərpa etmək üçün 3 milyard dollar vəsaitə ehtiyac var. Buna baxmayaraq, rəsmi Yerevan köhnə adətlərindən əl çəkməyərək hələ də böyük planlar qurmağa davam edir. Belə ki, Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Suren Papikyan yeni nüvə elektrik stansiya tikmək niyyətində olduqlarını bildirib.
Sözsüz ki, bu məsələdə Ermənistan mövcud "Metsamor" Atom Elektrik Stansiyasında hazırda həyata keçirilən yenidənqurmaya dəstək verən Rusiyaya bel bağlayır. Yeri gəlmişkən, Avropa İttifaqının köhnəldiyi üçün bağlamağı tələb etdiyi həmin stansiyanın payına ölkədəki elektrik istehsalatının az qala yarısı düşür. Eyni zamanda, işğaldan azad olunmuş Azərbaycan torpaqlarındakı əksər elektrik stansiyalarından Ermənistana elektrik enerjisi tədarük edilmədiyi də nəzərə alınsa, qonşu ölkədə vəziyyətin ciddiliyi aydınlaşır. Üstəlik yeni atom elektrik stansiyasının tikintisinə milyardlarla dollar sərf edildiyini yada salsaq, bu planın həyata keçiriləcəyi ağlabatan görünmür.
Həmçinin Yerevan Dövlət Universiteti nəzdindəki Kosmologiya və Astrofizika Mərkəzi NASA-nın Aya insan uçuşu proqramında iştirak etmək üçün ərizə verib. Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan bildirib ki, “Ermənistan ordusu yaralarını sağaldaraq yumruğunun gücünü düşmənə göstərəcək. Lakin buna hansı vəsaitlə, hansı ehtiyatlarla nail olacaqlarına aydınlıq gətirən yoxdur".
“Report” “Caliber.az”a istinadən xəbər verir ki, Avrasiya iqtisadiyyatına dair rusiyalı ekspert Aleksandr Razuvayev bütün bu planların iqtisadi cəhətdən gerçəklikdən uzaq olduğunu deyib:
“Əvvəla, yenidən silahlanmaq məsələsi barədə. ABŞ, Rusiya, Fransa erməniləri atışsalar, yəni nəzəri cəhətdən bunun üçün lazımi vəsait toplana bilər. Lakin bu vəsaitin doğrudan da veriləcəyi ağlabatan deyil. Məsələ söz-söhbətdən uzağa getməyəcək. Elə qalan planların da hər hansı iqtisadi təməli yoxdur. Bunlar sadəcə müharibədəki məğlubiyyətin acısını bir az unutdurmaq, özlərini guya dahi qələmə vermək üçün sözbazlıqdan başqa bir şey deyil”.
Ekspert "Ermənistan Atom Elektrik Stansiyasının təhlükəli olduğunu dünya miqyasında bildirərək onu bağlamağı tələb edirlər. Yeni stansiyanın tikintisinə külli miqdarda vəsait lazımdır. Rusiya bu planla razılaşarmı" sualına isə belə cavab verib:
"Müqayisə üçün bildirim ki, Belarus Atom Elektrik Stansiyasının tikintisi 9 milyard dollara başa gəldi. Ermənistanda da yeni atom elektrik stansiyasının tikintisi elə bu qədər vəsait aparacaq. Halbuki Belarusda çəkdiyi məsrəfləri Rusiya çıxaracaq, Ermənistanda isə vəziyyət bir qədər qarışıqdır. “Rosatom” dövlət təşkilatı olsa da, bazar əsaslarında fəaliyyət göstərir, boşuna pulları sağa-sola səpələməyəcək. Odur ki, Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi məsələsi söz-söhbətdən o yana getməyəcək".