"Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar qarşılıqlı əlaqələrin güclü olduğu MDB ölkələrinə də dolayı yolla təsir edəcək. Belə ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan Rusiyaya iqtisadi cəhətdən daha çox inteqrasiya olunub".
Bunu “Report”un Rusiya bürosuna Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev bildirib. O, sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatında yaranan fəsadlardan danışıb: “Əsas sarsıntılar valyuta məzənnələrində baş verib. Bunlar həm ticarətdə, həm də dövlət müqavilələrində əksini tapdığı üçün yeni məzənnələrə əsasən hesablaşma aparmaq lazım gələcək”.
Ekspertin fikrincə, sanksiyalar nəticəsində bütün postsovet məkanında müəyyən çətinliklər yaranacaq: “Uzunmüddətli müqavilələrə dəyən zərbə yükdaşımalarda da əks olunacaq. Bütövlükdə postsovet məkanında yükdaşımalar ləngiyəcəck. Valyuta məzənnələri vasitəsilə əhaliyə dəyən zərbə miqrantların pul köçürmələrinə də birbaşa təsir edir, nəticədə köçürmələrin həcmi azalacaq”.
Rusiyada dolların 10%-ə qədər ucuzlaşacağını güman edən ekspert bildirib ki, sanksiyalar ən çox təsirini bir ay ərzində göstərəcək.